ABŞ TƏSDİQLƏDİ: Ukrayna ilə sərhədə 3,75 milyardlıq hərbi texnika göndərilir...

ABŞ Dövlət Departamenti Polşaya 3,75 milyard dollar dəyərində tank və hərbi sursat satışını təsdiqləyib.
Sfera.az bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi Pentaqona bağlı Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
DSCA-nın bəyanatında qeyd edilib ki, satış Polşanın cari və gələcək təhdidlərlə mübarizə qabiliyyətini, NATO əməliyyatlarında iştirakını və düşmənin qarşısını almaq imkanlarını artıracaq. Buna uyğun olaraq, ABŞ Polşaya 116 M1A1 Abrams tankı, 12 M88A2 Hercules zirehli bərpa maşını, 8 M1074 birgə hücum körpüsü, 6 M577 komanda məntəqəsi, 26 HMMWV yüksək hərəkətlilik üçün çoxməqsədli avtomobil, 26 JLTV yüngül zirehli texnika, minlərlə tank sursatları və pulemyotlar göndərəcək.
Qurumun açıqlamasından sonra Polşa baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak sosial media hesabında “Polşa Silahlı Qüvvələrinin zirehli potensialının artırılmasında daha bir addım atıldı. ABŞ Dövlət Departamenti Polşaya 116 tank və döyüş sursatının satışını təsdiqləyib. Biz qiymət danışıqlarına başlayırıq. İlk çatdırılma 2023-cü ildə baş tutacaq”, deyə bildirib. Sözügedən tankların Polşanın Ukraynaya hədiyyə etdiyi tankları əvəz edəcəyi vurğulanıb.
Qeyd edək ki, ötən iyulda Polşa ABŞ-dan 4,75 milyard dollar dəyərində 250 M1A2 SEPv3 Abrams əsas döyüş tankı sifariş etmişdi.
Günay Rəsulqızı