Almaniya tarixindəki ƏN BÖYÜK ÇEVRİLİŞ CƏHDİ: İzlər Rusiyaya aparır...

Almaniya Baş Prokurorluğu ölkədə dövlət çevrilişinə cəhdin qarşısının alındığını elan edib.
Sfera.az bildirir ki, alman xüsusi xidmət orqanları çevrilişi təşkil etməkdə şübhəli bilinən 50-dən çox şəxsdən 25-ni saxlayıb. Almaniyada sağçı sui-qəsdçilərin saxlanılması mütəmadi olaraq baş verir. Bununla belə, alman nəşrlərinin qeyd etdiyi kimi, hazırkı əməliyyat tarixdə ən böyük əməliyyatlardan biridir.
Eyni zamanda terror təşkilatının böyüdüyü vurğulanıb - onun tərkibinə Prussiya knyazlarının varisi, siyasətçi, yüksək rütbəli hərbçilər və Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının əsgərləri daxildir.
TASS agentliyi isə Almaniya təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə bağlı əsas məlumatları toplayıb. Beləliklə;
- Saxlanılan 25 nəfər arasında 22 terror təşkilatının üzvü və üç tərəfdarı var. Onlar dövlət çevrilişi hazırlamaqda şübhəli bilinirlər.
- Saxlanılanlar arasında Rusiya Federasiyası vətəndaşı Vitaliya B. də yer alıb.
- Daha 27 nəfərlə bağlı araşdırmalar davam edir.
- Axtarışlar Almaniyanın 16 federal əyalətindən 11-də, 130-dan çox ev və mənzildə aparılıb.
Bildirilib ki, üsyançılar fəal şəkildə öz tərəfdarlarını, o cümlədən hüquq-mühafizə orqanlarında - orduda və polisdə olanları cəlb ediblər. Alman hakimiyyət orqanlarının məlumatına görə, şübhəlilər - ilk növbədə, Reiss sülalə şahzadəsi XIII Henrix, rusiyalı qadın Vitali B.-nin köməyi ilə Rusiya nümayəndələri ilə əlaqə saxlasalar da, Moskvadan razılıq almayıblar. Həmçinin təşkilat üzvlərinin kiçik silahlı dəstə ilə Bundestaqa (Almaniya Federativ Respublikasının xalq nümayəndəliyinin birpalatalı orqanı) basqın etməyi planlaşdırdığı qeyd edilib.
Günay Rəsulqızı