Dünyada silah satışı artır – Çin ABŞ-ın əsas rəqibinə çevrilib
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2021-ci ildə dünyada silah satışı ilə bağlı hesabatını təqdim edib. Hesabata görə dünyada silah satışı ardıcıl yeddinci il artıb.
Sfera.az xəbər verir ki, keçən il satışlar 1,9% artaraq 592 milyard dollar təşkil edib.
SIPRI-nin məlumatına əsasən, Rusiya şirkətləri silah istehsalını artırıb, lakin sanksiyalarla əlaqədar yarımkeçiricilər (“çip”) almaqda çətinlik çəkdiyindən yeni modellərin istehsalını genişləndirməyi bacarmayıblar. Buna baxmayaraq, 2021-ci ildə 6 Rusiya şirkəti dünyanın ən böyük 100 silah istehsalçısı siyahısına daxil olub. 2020-ci ildə bu siyahıda Rusiyanın 9 böyük şirkəti var idi. Rusiyanın böyük şirkətlərinin silah satışları 2020-ci illə müqayisədə ötən il 0,4% artaraq 17,8 milyard dollar təşkil edib.
SIPRI qeyd edir ki, silah satışında liderlik ABŞ-yə məxsusdur. Ən çox silah istehsal edən 100 şirkətdən 40-ı ABŞ-yə aiddir. Eyni zamanda ən çox silah istehsal edən ilk 5 şirkət də ABŞ-yə məxsusdur. Ümumilikdə, ABŞ şirkətinin satışları 299 milyard dollara çatıb. Reytinqə Avropadan 27 şirkət daxil edilib, onların ümumi satışları 2021-ci ildə 4,2% artaraq 123 milyard dollara çatıb. Asiya və Okeaniyadan isə 21 şirkət reytinqə daxil olub ki, onların da satışları 136 milyard dollar dəyərində qiymətləndirilib.
Bu region şirkətlərinin satışları 5,8% artıb. Asiya və Okeaniyaya daxil olan ölkələrin satdığı silahın 109 milyard dollarını 8 Çin şirkəti satıb. Çin silah satışı bazarında ABŞ-ın əsas rəqibidir. Cənubi Koreyanın 4 şirkəti isə satışları 3,6% artaraq 7,2 milyard dollara çatdırıb.
Vasif
Sfera.az