Ukraynanın tam haqqı var - Almaniya Krımın hərbi yolla azad edilməsindən danışıb
Münhen Təhlükəsizlik Konfransının rəhbəri və Angela Merkelin müşaviri Kristof Heusgen Ukraynanın Rusiya ilə münaqişənin diplomatik yolla həlli üçün bütün vasitələrə əl atdığını bildirib. O qeyd edib ki, Kiyevin Rusiya ilə razılaşmalara arxalanması üçün heç bir əsas yoxdur.
Sfera.az Almaniya mətbuatına istinadən bildirir ki, Kristof Heusgen Almaniyanın Krım yarımadasını hərbi yolla azad etmək cəhdlərində Ukraynaya dəstək verəcəyini bildirib.
"Krım, əlbəttə ki, Ukraynanın bir hissəsidir və Ukraynanın öz ərazisini geri almaq hüququ var. Ona görə də qərarı Ukrayna verməlidir"- Almaniyanın keçmiş kanslerinin müşaviri bildirib.
Heusgen xatırladıb ki, 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Almaniya danışıqlar və Minsk razılaşmaları vasitəsilə Rusiya tərəfini sakitləşdirməyə cəhd edib. İndi isə diplomat Ukraynaya hərtərəfli yardım etməyə çağırır.
"Sadəcə Mariupola baxın, onu necə dağıdıblar! Oranı da Qroznı kimi dağıdıblar. Ona görə də biz ukraynalılara hərtərəfli dəstək verməliyik və əgər Ukrayna Krımı qaytarmaq istəsə, ona dəstək verilməlidir"- Kristof Heusgen bildirib.
Almaniyanın keçmiş kanslerinin müşaviri onu da vurğulayıb ki, Rusiya beynəlxalq səviyyədə öz təbliğatını fəal şəkildə aparır. O qeyd edib ki, Kremlin çoxsaylı tərəfdarları Aİ-nin əsas investor olduğu ölkələrdədir.
Kristof Heusgen Avropa İttifaqı liderlərini Afrika və Latın Amerikası ölkələrini Ukraynadakı müharibə haqqında daha yaxşı məlumatlandırmağa çağırıb.
“Mən hesab edirəm ki, biz açıq şəkildə bildirməliyik ki, Rusiyanın Ukraynada etdikləri Şərqlə Qərb arasında münaqişənin davamı deyil, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır”- deyə Heusgen fikrini yekunlaşdırıb.
Diplomat Rusiya ilə sülh danışıqlarına qarşı çıxan Ukrayna vətəndaşlarını da başa düşdüyünü bildirib. O qeyd edib ki, Budapeşt Memorandumuna əsasən, Rusiya Ukraynanın ərazi bütövlüyünə zəmanət verməli idi.
Xatırladaq ki, ruslar işğal olunmuş Krımda yeni səfərbərlik keçirməyə hazırlaşır. Ukrayna Baş Qərargahının məlumatına görə, Kerçdə müəssisə rəhbərləri hərbi xidmətə cəlb olunanların məlumatlarını yoxlamağa başlayıblar.
Bundan əlavə Ukrayna mətbuatı da regionda yeni təhlükənin olduğu barədə həyəcan təbili çalır. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov iddia edir ki, işğalçılar Cankoy şəhərini yarımadanın ən böyük hərbi bazasına çeviriblər.