Çindən “U-DÖNÜŞÜ”: “Si Cinpin etirazlara baş əydi”
Təxminən bir həftə davam edən etirazlardan sonra Çindən “U dönüşü” adlandırılan addım gəlib.
Sfera.az bildirir ki, sözügedən ölkədə koronavirusla mübarizədə yeni dövr rəsmən açıqlanıb. Bu barədə Çinin baş nazirinin müavini Sun Çunlan danışıb.
"”Omicron” variantı daha az patogenləşdikcə, daha çox insan peyvənd olunduqca və COVID-in qarşısının alınmasında təcrübəmiz toplandıqca, pandemiya ilə mübarizəmiz yeni mərhələyə qədəm qoyur", deyə o bildirib. Çunlanın bəyanatları “Pekinin “sıfır vəziyyət” siyasətini yumşaltmağa hazırlaşması” kimi şərh edilib.
Belə ki, “Bloomberg” bu xəbəri oxucularına "Çin hakimiyyətinin sərt pandemiya qapanmaları arxasında yumşalma siqnalı" olaraq təqdim edib, ingilis “Daily Mail” qəzeti isə məsələni "Prezident Si Cinpin etirazlara baş əydi” formasında dəyərləndirib. Çin Milli Səhiyyə Komissiyasının (NHC) sözçüsü Mi Fenq bütün bölgələrin pandemiyanın qarşısını almaq və məhdudlaşdırmaq üçün çox səy göstərdiyini, o cümlədən həddindən artıq nəzarət tədbirlərinin düzəldilməli olduğunu söyləyib. Milli Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Administrasiyasının yüksək vəzifəli rəsmisi Çen Youquan mətbuat konfransında bildirib ki, pandemiya hazırda sürətlə inkişaf edir və ölkənin böyük bir hissəsinə təsirsiz ötüşmür. "Bəzi bölgələr əhəmiyyətli dərəcədə yenidən yoluxma riski altındadır, digərləri isə son üç ilin ən mürəkkəb və ağır faktları ilə üzləşir", deyə o qeyd edib.
Günay Rəsulqızı