25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü
25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür.
Sfera.az bildirir ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib.
Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu mühüm günün tarixi Dominikada baş vermiş faciəvi hadisəyə əsaslanır. 1960-cı ildə Dominikada diktaturaya qarşı mübarizə aparan üç bacı var idi: Mirabel bacıları. Mirabel bacıları diktaturaya qarşı mübarizədə simvola çevrilmişdilər. Bu çətin mübarizədə onlar zaman-zaman ağır təzyiqlərə boyun əyməli olublar. Onlara həbs cəzası da verilib.
Nəhayət, 25 noyabr 1960-cı ildə uçurumun kənarında üç bacının cəsədi tapılıb. Bacılar cinsi təcavüzə məruz qalıblar. Onların rəsmi məlumatlarda avtomobil qəzasında öldüyü bildirilsə də, prezident Rafael Truxilonun əmri ilə siyasi fəal bacılar vəhşicəsinə öldürülüb. 1981-ci ildə Dominikdə toplanan Latın Amerikası Qadınlar Konqresində 25 Noyabr “Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması və Beynəlxalq Həmrəylik Günü” elan edilib.
1999-cu ildən isə Birləşmiş Millətlər Təşkilatı 25 Noyabr tarixini “Qadınlara Qarşı Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. 25 Noyabr cəmiyyətlərdə qadınlara qarşı zorakılıq haqqında məlumatlılığın artırılması baxımından son dərəcə əhəmiyyətlidir. Dünyanın hər yerindən qadınlar yaşadıqları ayrı-seçkiliyə son qoymaq üçün eyni gündə birləşir. Onlar həyatın bütün sahələrində yaşadıqları istismara, gender bərabərsizliyinə, psixoloji, fiziki və sosial zorakılığa diqqət çəkirlər.
Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir.
Aynil
Sfera.az