İkinci İran-İraq müharibəsi başlaya bilər: Tehran Bağdadı hədələyir
Amerikanın Associated Press (AP) informasiya agentliyi xəbər verir ki, bu həftənin əvvəlində yüksək səviyyəli İran rəsmisi İraqın paytaxtı Bağdada səfər edib və burada görüşdüyü rəsmi şəxslərə Tehranın təhdid dolu mesajlarını çatdırıb.
Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, Bağdada səfər edən məmur İran İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlarını həyata keçirən Qüds Qüvvələrinin komandanı İsmayıl Kaani olub.
Qasim Süleymanini əvəzləyən Kaani Bağdadda İraq prezidenti, baş naziri və İranın dəstəklədiyi milis qrupları ilə görüşüb.
İsmail Kaani Bağdad rəhbərliyini sərhədin möhkəmləndirilmədiyi təqdirdə şimaldakı kürd müxalifət qruplarına qarşı quru əməliyyatına başlaya biləcəkləri ilə hədələyib. Tehran İraqdan İranla şimal-şərq sərhədinə qoşun yeritməsini istəyib.
AP şərh edir ki, Qüds Qüvvələri komandirinin səsləndirdiyi təhdid reallaşarsa, bu, İraq üçün görünməmiş bir hücum olacaq.
İranın hələlik heç bir sübut təqdim etmədiyini vurğulayan AP hazırda quru əməliyyatı təhlükəsinin nə dərəcədə ciddi olduğunun bilinmədiyini, lakin Bağdad rəhbərliyinin çətin vəziyyətdə olduğunu bildirir. İran İraqdan ölkədəki mövcud müxalifət qruplarını dərhal tərksilah etməyi tələb edir.
Tehran administrasiyasının quru əməliyyatından ilk dəfə danışdığını qeyd edən AP İraqdakı mənbənin adını açıqlamayıb.
Xatırladaq ki, İran və İraq arasında 1980-1988-ci illərdə müharibə olub. Bu müharibənin qalibi olmayıb və münaqişə zamanı 1 milyon insan həyatını itirib. Hər iki ölkəni məhv edən müharibənin dəyəri o dövrün hesablamalarına görə, 150 milyard dollar idi.
Vasif