“Amazon”un qurucusu 124 milyard dollarlıq sərvətini bağışlamaq qərarına gəlib

Elektronikanın pərakəndə satışı ilə məşğul olan “Amazon” şirkətinin qurucusu kimi dünyanın ən zəngin insanlarından biri Ceff Bezos sürpriz qərarı ilə bütün dünyanı heyrətləndirib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Ceff Bezos 124 milyard dollarlıq sərvətinin böyük hissəsini xeyriyyəçiliyə bağışlayacağını açıqlayıb.
CNN-ə eksklüziv müsahibə verən Bezos sərvətini xüsusilə qlobal iqlim dəyişikliyi ilə mübarizə aparan, sosial və siyasi təbəqələşməni aradan qaldıra bilən insanlara dəstək olmaq üçün bağışlayacağını bildirib. Müsahibə zamanı Bezosu 2019-cu ildən bəri birlikdə olduğu keçmiş jurnalist sevgilisi Lauren Sanchez müşayiət edib.
Qeyd edək ki, bu yaxınlarda Bezosu tənqid edənlər məşhur iş adamını xeyriyyə təşkilatlarına kifayət qədər dəstək verməməkdə ittiham etmişdilər. Bezosun açıqlamaları beynəlxalq ictimai rəyin gündəminə çevrilib. Bezos, edəcəyi ianələri və xeyriyyə işlərini diqqətlə araşdıracağını və bunun üçün xüsusi dərnək yaradacağını da bildirib. Bezos xeyriyyəçilik strategiyasının biznesə başlamaq kimi olduğunu bildirib.
“Burada problem bu işi düzgün etməkdir. Bu, asan iş deyil. Amazon qurmaq asan deyildi. Çox çalışdıq və çox ağıllı, çalışqan komanda yoldaşlarımız var. Lauren də eyni fikirdədir; xeyriyyəçilik və biznes oxşar şeylərdir. Xeyriyyə işini səmərəsiz etməyin bir çox yolu var. Ona görə də çox diqqətlə düşünməliyik və komandanızda böyük insanlar olmalıdır”-deyə o bildirib.
Xatırladaq ki, keçmiş həyat yoldaşı Makkenzi Skott da Bezosdan boşandıqdan sonra sərvətinin böyük hissəsini bağışlamağa qərar vermişdi. Bezosun sevgilisi Sançes isə məşhur iş adamı ilə yaxşı bir komanda qurduqlarını bildirib. Sançes kosmos turizmi ilə maraqlanan Bezosla bu barədə müzakirələr apardıqlarını və tezliklə tamamilə qadınlardan ibarət komanda ilə kosmosa getməyi planlaşdırdığını da bildirib.
Aynil
Sfera.az