Bayden Si Cinpinlə görüşəcək – Masada nələr var?
ABŞ prezidenti Co Bayden çinli həmkarı Si Cinpinlə prezidentliyi dövründə ilk dəfə üz-üzə görüşəcək.
Sfera.az bildirir ki, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan jurnalistlərə açıqlamasında görüşün bir neçə saat davam edə biləcəyini söyləyib. Burada xüsusilə Tayvan, Ukrayna müharibəsi və Şimali Koreyanın nüvə fəaliyyətlərinin gündəmdə olacağı gözlənilsə də, Ağ Ev qeyd edib ki, görüşdən konkret nəticələrin çıxması ehtimalı azdır və birgə bəyanat gözlənilmir.
Ekspertlərin fikrincə, çoxdan gözlənilən görüş ikitərəfli münasibətlərin son onilliklərin ən pis həddə çatdığı bir vaxtda baş tutacaq. İki lider İndoneziyanın Bali adasında G20 sammitindən əvvəl görüşəcəklər. Digər tərəfdən, Bayden sammitdən əvvəl Çinlə münaqişəyə can atmadığını vurğulayıb. Bu barədə danışan Ceyk Sullivan isə "Prezident ABŞ və Çini ciddi rəqabət şəraitində görür, lakin bu rəqabət qarşıdurmaya və ya münaqişəyə çevrilməməlidir”, deyə bildirib.
O, əlavə edib ki, Bayden iki ölkənin birlikdə işləyə biləcəyi sahələri, o cümlədən iqlim dəyişikliyi və ya ictimai səhiyyə mövzularını gündəmə gətirəcək. Ağ Evdən verilən açıqlamalardan belə anlaşılır ki, toplantıda insan haqları məsələsi də müzakirıə ediləcək.
Xatırladaq ki, Co Bayden 2021-ci ilin yanvarında vəzifəyə gəldikdən bəri Si Cinpin ilə beş telefon və ya video zəng vasitəsilə əlaqə qurub, lakin pandemiya və Çin sədrinin xaricə səyahət etməkdən imtina etməsi iki liderin şəxsən görüşməsinə mane olub. Bayden və Si ən son Obama administrasiyası zamanı görüşüblər.
Günay Rəsulqızı