Hakerlər Moldova prezidentinin Telegram kanalını sındırdı - Korrupsiya haqqında danışdılar
Moldova prezidenti Maia Sandu və ölkənin baş nazirinin müavininin rəsmi kanalı naməlum hakerlər tərəfindən sındırılıb. Bundan sonra onlar “Moldova prokurorluğunda və Ədliyyə Nazirliyində korrupsiya halları” ilə bağlı eyni mesajları dərc etməyə başlayıblar.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Moldova prezidentinin və hökumətinin mətbuat xidməti məlumat verib.
"Dövlət başçısının administrasiyası Moldova prezidenti Maia Sandunun rəsmi Telegram kanalının sındırıldığını bildirir. Biz də son mesajların doğruluğunu inkar edirik"- deyə nazirlikdən bildiriblər.
Sosial şbəkə istifadəçiləri hakerlərin mesajının skrinşotunu çəkiblər. Paylaşımlarda Maia Sandu adından Moldova prokurorluğu və Ədliyyə Nazirliyi korrupsiyada ittiham olunur.
Paylaşımlarda həmçinin Moldovanın ədliyyə naziri Sergey Litvinenkonun şəxsi yazışmaları əsas göstərilərək onun korrupsiyaya qarşı mübarizə prokurorluğunun rəhbəri vəzifəsinə namizədliyə səsvermədə saxtakarlıq etdiyi iddia edilib.
Bundan əlavə, hələ 2021-ci ildə Ədliyyə Nazirliyinin Moldovanın baş prokuroru Aleksandru Stoyanoqloya həbsxana kamerası hazırladığı iddia edilir.
Hazırda isə bu mesajlar prezident Maia Sandunun Telegram səhifəsində görünmür və sonuncu paylaşım 3 noyabr tarixinə aiddir.
Moldova hökumətinin rəsmi Telegram kanalı “Prima Sursa” da sosial şəbəkədə hökumət rəsmilərinə məxsus bir neçə hesabın sındırıldığını bildirib.
Kanal öz açıqlamasında kiberhücumların nəticələrini aradan qaldırmaq üçün səylər göstərdiyini bildirib
Xatırladaq ki, bundan əvvəl sentyabrın 2-də “Anonymus” hakerləri “Yandex Taxi”nin hesabını sındıraraq Kutuzovski prospektinə onlarla sifariş göndərib.
Sürücülər təxminən 40 dəqiqə tıxacda qalıblar.
Aynil