“O, ABŞ siyasətçiləri içində ən qatı türk düşməni hesab olunur” - Açıqlama
“ABŞ Nümayəndələr Palatası və Senata keçirilən aralıq seçkilər Azərbaycan və Türkiyəni yaxından maraqlandırır”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O qeyd edib ki, ABŞ-da Türkiyə əleyhinə mövqeyi ilə tanınan amerikalı senator, eyni zamanda Senatın Xarici Əlaqələr Komitəsinin sədri olan Bob Menendez və onun oxşarı olan bir neçə senator var:
“Bu senatorlar Türkiyə və Azərbaycana qarşı müxtəlif qanun layihələrinin təşəbbüskarı olub və bəzilərini qəbul etdiriblər. Senatdakı müzakirələrdə bizim barədə ən ciddi tənqidlər məhz bu senatorların dilindən səslənib. Çünki onlar yunan və erməni diasporunun ABŞ-dakı mövcud təşkilatları ilə ciddi əlaqə saxlayır və onlar tərəfində yemlənirlər. Doğrudur, Bob Menendez builki seçkilərdə iştirak etmir. Onun müddəti deputat mandatı 2025-ci ildə bitir və bu vaxta qədər biz bu yaramazın Türkiyə və Azərbaycana qarşı çıxışlarını eşidəcəyik. Amma Respublikaçılar qalib gələrsə, Bob Menedez Senatın Beynəlxalq Əlaqələr Komissiyası Sədri vəzifəsini itirəcək və bununla da təkbaşına veto hüququndan məhrum olacaq”.
Müsahibimiz qeyd edib ki, bu baş verərsən, sözügedən şəxs Türkiyə və Azərbaycanla bağlı çıxarılan müsbət qərarların, o cümlədən silah satışının qarşısını almaq üçün vetodan istifadə edə bilməyəcək:
“Onun yerinə gələ biləcək senatorun kimliyi barədə müxtəlif fikirlər səsləndirilir və onların da Menendez kimi türk düşməni olacağı ehtimal olunur. Amma bununla belə, Menedez kimi qatı düşmənin gələcəyi ehtimalı çox azdır. O, bəlkə də ABŞ siyasətçiləri içində ən qatı türk düşməni hesab olunur”.
Günay Rəsulqızı