Məşhur milyarder məhkəməyə verildi: “Tualetə gedə bilmirdik, 14 saat dayanmadan işləyirdik”
“Amazon”un qurucusu, milyarder Ceff Bezos keçmiş qulluqçusu tərəfindən məhkəməyə verilib.
Sfera.az bildirir ki, Mersedes Vidaa adlı şəxsin irəli sürdüyü ittihamlar böyük müzakirələrə səbəb olub.
O, məhkəməyə verdiyi ərizədə latın mənşəli olduğu üçün irqi ayrı-seçkiliyə məruz qaldığını, özünün və digər ev qulluqçularının qeyri-insani şəraitdə işləməyə məcbur edildiyini bildirib. Bezosun Sietldəki malikanəsində üç il işlədiyini bildirən Vedaa ona və digər latın mənşəli işçilərə ağdərili işçilərdən fərqli davranıldığını deyib.
Mersedesin sözlərinə görə, ABŞ-da işləmək icazəsi olmayan əməkçi miqrantlara nəzarət vəzifəsi ona verilib və bu vəziyyətdən narahat olub. Ardınca müdirlərinə şikayət edib. Bu, əvvəlcə istehza ilə qarşılanıb, nəticədə baş qulluqçu vəzifəsindən azad edilib. Onun yerinə isə ispan olmayan bir qulluqçu təyin olunub. Haqsız yerə işdən çıxarıldığını ifadə edən Vedaa həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb edib.
“Bezos və ailə üzvləri evdə olduqları zaman biz nahar etmədən və dincəlmədən gündə 10-14 saat işləmək məcburiyyətində idik. Mən və digər işçilər yeməyimizi yuxarı mərtəbədəki kiçik camaşırxanada yeyirdik. Günün çox hissəsini tualetdən istifadə edə bilmədiyimiz üçün tez-tez sidik yolları infeksiyalarından əziyyət çəkirdik. Təmizlik işlərindən kənar Bezosun evinə girə bilməzdik”, deyə Vedaa iddia ərizəsində qeyd edib.
İş adamının vəkili Harri Korrell isə bütün ittihamları rədd edib və Vedaanın irqi ayrı-seçkiliyə məruz qalması ilə bağlı fikirlərini “absurd” adlandırıb.
Türkan,
Sfera.az