“Bu şəxs indi Kremldə daha çox təsirə malikdir” - Mixail Xodorkovski
Rusiyanın muzdlu qruplaşması olan “Vaqner” Qrupunun liderləri indi Kremldə xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu qədər siyasi təsirə malikdirlər.
Sfera.az bildirir ki, bunu tanınmış rusiyalı dissident və keçmiş siyasi məhbus Mixail Xodorkovski Böyük Britaniya parlament qrupuna deyib. Xodorkovski Xarici Əlaqələr Komitəsinə bildirib ki, 2022-ci ilin sentyabrında nəhayət ki, qrupu qurduğunu etiraf edən iş adamı Yevgeni Priqojinin Putinlə rəsmi dövlət məmurları qədər əlaqəsi var.
Onun sözlərinə görə, general Sergey Surovikinin Ukraynadakı hərbi əməliyyatlara rəhbər təyin edilməsinin arxasında da Priqojin dayanıb və Ukraynada onunla sıx əməkdaşlıq edir.
“Bununla belə, Ukraynada hərbi əməliyyatlar uğursuz olarsa, cəmi 7 min qüvvəsi olan “Vaqner” qrupu günahı öz üzərinə götürməyəcək, çünki Rusiya ordusu onsuz da 150-200 min nəfərlikdir. Günah iki şəxsin - - Putinin maliyyəçisi Yuri Kovalçuk və Putini Ukraynanın üç gün ərzində işğal ediləcəyinə inandıran Şoyqunun üzərində qalacaq”.
Xodorkovski həmçinin bildirib ki, Rusiyada qismən səfərbərlik qərarına müqavimət olub və Putin prosesi vaxtından əvvəl sona çatdırmağa məcbur edilib: “Səfərbərlikdən sonra 700 min insan Rusiyanı tərk edib. Bu isə Putinin müdafiə sənayesi və Rusiya iqtisadiyyatı üçün Qərbin sanksiyalarından da ciddi zərbə olub”.
Mixail həmçinin, Böyük Britaniyanı ölkədən qaçan rusların çoxunu qəbul etməyə çağırıb: “Bu insanlar müəyyən maliyyə imkanları olan ən aktiv və təhsilli insanlardır. O cümlədən onlar əsasən Kiprdə yaşayan 30 min rusiyalı proqramçılardır. Bu, Rusiyanın kibermüharibə aparmaq qabiliyyətinə mənfi təsir edəcək”.
Xodorkovski eyni zamanda yüksək dəqiqlikli silahların reproduksiyası üçün lazım olan bir çox rus mühəndisinin də ölkəni tərk etdiyini söyləyib.
Günay Rəsulqızı