“Rusiya ağır artilleriyanı Xersondan çıxarır” - Açıqlama

“Rusiya ağır artilleriyanı Xersondan çıxarır” - Açıqlama

Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyub.

 

Sfera.az bildirir ki, Rusiya Ukraynanın 4 bölgəsini ilhaq etsə də, qoşunlarının Xersonda ilişib qalması səbəbindən hazırda çətin günlər yaşayır. Ukraynanın bu gün açıqladığı məlumat isə bunun sübutu olub.

 

Belə ki, bölgənin Moskva tərəfindən təyin edilən qubernatoru Kirill Stremousov “Telegram” hesabında “Xerson şəhərinin sağ sahilindən çıxmaq istəyən hər kəs təşkil olunmuş keçidlərlə sərbəst hərəkət edə bilər. Təmas xəttində vəziyyət dəyişməyib”, deyə bildirib.

 

Ardınca isə Ukrayna Baş Qərargahı öz qoşunları və düşmən rus əsgərlərinin son vəziyyəti ilə bağlı məlumat paylaşıb. Qurum iddia edib ki, Rusiya ağır artilleriyasını Xersondan çıxarmağı planlaşdırır və proses indi başlayıb. “Rusiya qoşunlarını Xerson vilayətindən çıxaracaq” deyən Ukrayna tərəfi bu qoşunların digər cəbhə bölgələrinə köçürüləcəyini qeyd edib.

 

Məlumata görə, Rusiya ordusu artilleriya bölmələrinin Xerson vilayətinin sağ sahilindən çıxarılması və sonradan digər mümkün istiqamətlərə ötürülməsi üçün hazırlıq tədbirləri görür. Bu hazırlıqların həm ayrı-ayrı hərbi hissələrin, həm də onların hərbi texnikasının boşaldılması üçün aparıldığı bildirilir. Kreml rəsmiləri isə vəziyyətin dəyişmədiyini təkid edirlər. Hətta Rusiyanın dəstəklədiyi Xerson qubernatoru Kirill Stremousovun sözlərinə görə, Ukrayna qüvvələri Xersona əks hücuma keçmək üçün qüvvə toplamaqda davam edir.

 

Xatırladaq ki, Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı general Sergey Surovikin bu yaxınlarda Rusiya dövlət televiziyasında çıxışı zamanı ordunun vəziyyəti ilə bağlı səmimi etiraflar etmişdi. Surovikin Ukraynanın cənubundakı Xerson şəhərində vəziyyətin "çətin" olduğunu və sakinlərin evakuasiya edilməli olduğunu söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR