Paşinyan Rusiyanın iki vəzifəlisinin Ermənistana girişinə QADAĞA QOYDU – Səbəb
“Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin və erməni əsilli jurnalist və televiziya aparıcısı, Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyub. Nikol Paşinyanın komandası K. Zatulinə bildirib ki, onun bəyanatları Ermənistana zərər vurur. Beləliklə, rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq”.
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, anoloji hal M. Simonyana da aiddir:
“Bununla Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina etdir. Paşinyanın bu addımının siyasi oriyentasiyasını Qərbə çevirməsi ilə bağlı olduğu bəllidir. Lakin niyə K. Zatulin və M. Simonyan?
Birincisi, K. Zatulin Ermənistanın siyasi dairələri, xüsusilə R. Koçaryan-S. Sarkisyan komandası ilə yaxındır.
İkincisi, M. Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşı mövqedən çıxış edir və N. Paşinyanın rəqibləri üçün platforma rolunu oynayır.
N. Paşinyan anlayır ki, Rusiya maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcək və bu addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna deyil. Bu təhlükəyə qarşı ilk tədbir də Kremlin emmisarlarını neytrallaşdırmaq oldu”.
Turan Rzayev