“Sizi yalnız mən xilas edəcəm” - Boris Conson tətilini yarımçıq qoyub Londona qayıtdı

“Sizi yalnız mən xilas edəcəm” - Boris Conson tətilini yarımçıq qoyub Londona qayıtdı

Böyük Britaniyanın Baş naziri Liz Trass istefasını elan etdikdən sonra Mühafizəkarlar Partiyasında liderlik yarışı yenidən start götürüb.

 

Sfera.az bildirir ki, Böyük Britaniyanın yeni baş nazirinin kimliyini müəyyənləşdirəcək prosesin gələn həftənin sonuna kimi yekunlaşması gözlənilir. Partiyanın parlamentdə ümumilikdə 357 deputatı olduğundan namizədlik yarışında yalnız üç ad iştirak edə biləcək. Praktikada iki namizədin yarışa çıxacağı, hətta vahid namizədin də irəli sürülə biləcəyi təxmin edilir ki, partiya üzvləri səs verməyə ehtiyac duymasın.

 

Namizədlik üçün hələlik rəsmi olaraq heç kim müraciət etməsə də, son seçkilərdə Lizz Trass ilə rəqabət aparan Rişi Sunak, İngiltərənin ilk qadın müdafiə naziri kimi tanınan Penny Mordaunt və hazırkı müdafiə naziri Ben Vallas önə çıxan adlar sırasındadır.

 

Digər tərəfdən, keçmiş Baş nazir Boris Consonun geri dönəcəyi ilə bağlı iddialar da ortaya çıxıb. Britaniyanın “The Telegraph” qəzetində dərc olunan yazıya əsasən, Consonun geri dönəcəyi ilə bağlı məlumatlar sadəcə şayiə deyil. Qəzet hazırda Karib dənizində olan Boris Consonun tətilini erkən bitirib Londona dönəcəyini və komandasına hazırlıqlara başlamağı tapşırdığını qeyd edib.

 

“The Telegraph”a görə, Conson Mühafizəkarlar Partiyasının qanunvericilərindən dəstək istəyib və partiyanı yalnız özünün xilas edə biləcəyini bildirib:

 

“Boris  vəzifədə olduğu müddətdə razılaşmadığı və istefasına səbəb olan adlardan biri, keçmiş maliyyə naziri Rişi Sunaka “zeytun budağı” uzadıb və “mənə qoşulun” çağırışı edib. Keçmiş baş nazir öz səhvlərindən dərs alıb və gələcəkdə “birləşdirici” lider olmağa hazır olduğunu deyib.

 

Qeyd edək ki, Britaniya tarixində Harold Vilson və Uinston Çörçildən başqa heç kim baş nazir postunu tərk etdikdən sonra geri qayıtmayıb. Boris Conson köhnə kreslosuna qayıda bilsə, adını Böyük Britaniya tarixinə yazacaq.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR