Liz Trassın istefasından sonra onu kim əvəzləyəcək?
Xəbər verdiyimiz kimi, Britaniya Baş naziri Liz Trass gözlənilmədən istefa verib. Liz Trass baş nazir kimi 5 sentyabrda fəaliyyətə başlamışdı və istefası ilə ən qısamüddətli baş nazir kimi krallığın tarixinə düşüb.
Maraqlıdır, Liz Trassın istefasından sonra onu kim əvəzləyəcək: Keçmiş baş nazir Boris Conson, yoxsa tamam fərqli bir şəxs?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Siyasi şərhçi Tural İsmayılov deyib ki, Britaniya siyasi sistemi ənənəvi anqlo-sakson siyasi sisteminə söykənir:
“Breksit qərarından sonra krallıqda ciddi iqtisadi islahatların getməsi gözlənilsə də bu proses baş vermədi. Britaniya Avropa İttifaqını tərk etdiyi üçün gələcək ilə bağlı neqativ proqnozlar ilə üz-üzədir. Bütün bu narahatlıqları aradan qaldırmaq üçün kifayət qədər yaxşı komandaya, dərin biliklərə malik iqtisadçıların hakimiyyətə gəlməsi proqnozlaşdırılırdı.
Təəssüf ki, Boris Conson hakimiyyətdə olduğu dövr taleyüklü qərarların verilməsi ilə nəticələndi. Koronavirus pandemiyasının ən kəskin olduğu dövr, qlobal problemlərə qarşı Britaniyanın ortaya qoyduğu kəskin mövqe, Rusiya-Ukrayna müharibəsi fonunda krallığın rəsmi Kiyevə dəstək verilməsi kimi riskli qərarlar məhz onun hakimiyyət dövrünə təsadüf etdi”.
T. İsmayılovun sözlərin görə, Boris Consonun müəyyən etirazlara inciyib kənara çəkilməsi fonunda Liz Trass kosmetik olaraq hakimiyyətə gətirilmişdi:
“Bu gün Britaniyanın qarşısında duran başlıca problem Aİ-dən çıxdıqdan sonra gəlcək 50-60 il ərzində iqtisadiyyatını necə formalaşdırmasıdır. Boris Conson hər nə qədər ona qarşı olan etirazlardan inciyib kənara çəkilsə də geri dönəcəyinin anonsunu vermişdi. Bu mənada Boris Consonun yenidən hakmiyyətə gəlməsi kifayət qədər aktualdır. Onu da deyim ki, bundan öncəsi seçkilərdə də ən önəmli britaniyalı siyasətçilərin reytinqləri elə də yüksək deyildi. Buna görə də baş nazir kürsüsündə Boris Conson əyləşə bilər”.
Turan Rzayev