İsrail Ukraynaya silah verməkdən niyə çəkinir? – Politoloqdan açıqlama
İranın Rusiyaya ballistik raketlər tədarük etməsi ilə bağlı məlumatlar ortaya çıxandan sonra ötən gün İsrailin diasporla iş üzrə naziri Naman Şai öz "Twitter" səhifəsində maraqlı paylaşım edib.
"İran Rusiyaya ballistik raketlər verir. Artıq İsrailin bu qanlı münaqişədə hansı mövqe tutacağına heç bir şübhə yoxdur. ABŞ və NATO ölkələri kimi Ukraynaya hərbi yardım göstərməyin vaxtı çatıb”, – İsrailli nazir yazıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə “Telegram” kanalında İsrailin Ukraynaya silah tədarük etmək qərarına reaksiya verib. Onun sözlərinə görə, İsrailin Ukraynaya hərbi dəstək qərarı ağır nəticələrə gətirib çıxara bilər.
Maraqlıdır, İsrailin bundan sonrakı mövqeyi necə olacaq?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı qeyd edib ki, müharibədən öncə İsrailin o dönəmki baş naziri ilə Putin arasındakı görüşdə Rusiya-Ukrayna münasibətləri müzakirə edilib:
“Rusiya, ABŞ və İsrailin təhlükəsizlik şuralarının katibləri də zaman-zaman görüşüblər. Putin iqtidara gəldikdən sonra son zamanlar Rusiya-İsrail münasibətləri yaxınlaşıb, sıx təmaslar olub. Düzdür, Suriya məsələsində fikir ayrılıqları da mövcuddur, amma əlaqələr normal davam edir. Ukrayna savaşı başladığı dövrdən İsrail bitərəfliyini qoruyur, Ukryanaya humanitar yardımdan başqa heç bir köməklik etmir. Bu da Rusiya tərəfindən təqdir olunur. Bəli, Zelenski prezident seçiləndən sonra İsraildən silah dəstəyi, hətta hərbi havadan müdafiə sistemləri də istəyib. Amma İsrail buna razılıq verməyib. Bu gün də Rusiya-Ukrayna müharibəsində yenə İsrail tərəfsizliyini qoruyur. Ötən gün İsrailin müdafiə naziri bir daha bildirib ki, Ukraynaya silah verilməyəcək”
Müsahibimiz qeyd edib ki, bunun iki səbəbi var:
“Ssəbəblərdən biri Vaşinqtonun “xeyir-dua”sının olmamasıdır. İkincisi isə ondan ibarətdir ki, SSRİ uzun müddət Fələstin Azadlıq Təşkilatına dəstək olub. Sovetlər Birliyi dağıldıqdan sonra isə Fələstin Azadlıq Təşkilatı demək olar ki, zəifləyib. Bu fonda İsrail də Ukraynaya dəstək vermir ki, birdən Rusiya silah və digər məsələlərdə Fələstin Azadlıq Təşkilatının yanında yer alar, bu da İsrailə müəyyən başağrısı yaradar. Bu səbəblərdən bu gündən sonra da İsrailin Ukraynaya silah verəcəyini düşünmürəm”.
Günay Rəsulqızı