Bolqarıstan prezidenti bu bəyannaməni imzalamaqdan imtina etdi - SƏBƏB

Bolqarıstan prezidenti bu bəyannaməni imzalamaqdan imtina etdi - SƏBƏB

Bolqarıstan prezidenti Radev Ukraynanın NATO-ya daxil olması ilə bağlı bəyannaməni imzalamayıb.


Bolqarıstan prezidenti Rumen Radev Ukraynanın NATO-ya daxil olmasına dəstək haqqında sənəddə Şərqi Avropanın doqquz ölkəsinin üzvlüklə bağlı bəndi olduğuna görə bəyannamənin tam mətnini imzalamaqdan imtina edib.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə oktyabrın 3-də dövlət başçısının mətbuat xidməti məlumat yayıb.


“Rumen Radev bəzi Şərqi Avropa ölkələrinin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qəbul etdiyi bəyannamənin tam mətni ilə razılaşmır. Prezident sənəddə yer alan digər mövqeləri dəstəkləyir”- Bolqarıstan Teleqraf Agentliyinin yaydığı bəyanatda deyilir.

Bolqarıstan prezidenti hesab edir ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı qərar yalnız Kiyev ətrafında vəziyyətin sülh yolu ilə nizamlanmasından sonra qəbul edilməlidir.

Bəyanatda həmçinin qeyd olunur ki, Bolqarıstan 2008-ci ildə NATO-nun Buxarest sammitində Ukraynanın gələcək üzvlüyünə dair bəyannamə imzalayıb. Hal-hazırda isə tam fərqli təhlükəsizlik vəziyyəti yaranıb. Bu gün Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü məsələsi tam tərkibdə müzakirə edilməli və NATO-ya üzv dövlətlərin münaqişəsində birbaşa iştirak riskinə gətirib çıxarmamalıdır.

Oktyabrın 2-də Rumıniya, Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Polşa, Monteneqro və Slovakiya prezidentləri Ukraynanın NATO-ya qəbuluna razılıq verən sənəd imzalayıblar. Onlar həmçinin müttəfiqləri Kiyevə hərbi yardımı artırmağa çağırıblar.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə hazırda Ukraynanın NATO-ya üzv olmaq istəyinin prinsipial vacib məsələ olmadığını bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 30-da ölkənin sürətləndirilmiş şəkildə NATO-ya daxil olması üçün ərizə imzalamışdı.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bu bəyanatı şərh edərkən isə bu məsələni müzakirə etmək üçün uyğun vaxt olmadığını bildirmişdi.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR