Yunanıstanın Baş naziri Ərdoğanı Putinə bənzətdi
Ankara ilə Afina arasındakı böhran Yunanıstanın ABŞ-ın verdiyi zirehli texnikaları adalara göndərməsi ilə pik həddə çatıb. Bu baxımdan “Financial Times” qəzetinin iki qonşu ölkə arasındakı münasibətlərlə bağlı son yazısı isə diqqət çəkib.
Sfera.az-ın məlumatına görə, qəzet Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın aqressiv mövqeyinin NATO müttəfiqləri arasında gərginlik yaradacağını qeyd edib. Həm Ankara, həm də Afinanın sərt açıqlamalar verdiyi və hər iki ölkənin geri addım atmadığı vurğulanıb.
Digər tərəfdən, Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin ötən gün Krit adasında keçirilən tədbirdə bağlı qapılar arxasında dediyi sözlər də ilk dəfə ortaya çıxıb. Belə ki, “Financial Times”ın məlumatına görə, Miçotakis prezident Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar verib. Qəzet yazıb ki, Avropa Xalq Partiyasının qapalı qrup iclasında Mitsotakis Türkiyə prezidentinin son sözlərini Ukraynaya hücumdan əvvəl Putinin dili ilə müqayisə edib və oxşarlıqlara diqqət çəkib. Məqalədə həmçinin qeyd olunub ki, iki ölkə arasında münasibətlər onilliklər ərzində ən pis dövrünü yaşayır.
Günay Rəsulqızı






