Zelenski tam qələbəyə qədər dayanmayacaqlarını ELAN ETDİ

Zelenski tam qələbəyə qədər dayanmayacaqlarını ELAN ETDİ

Rusiya-Ukrayna savaşında rollar dəyişib.

Sfera.az bildirir ki, hücumları davam etdirən Ukrayna qüvvələri Luqanska daxil olaraq “şərqdəki son qala”ya doğru irəliləməyə başlayıblar. 

 

“Daily Mail” qəzetində dərc olunan yazıya görə, Ukrayna qüvvələri buradakı ilk yaşayış məntəqəsini ələ keçirib. Bu barədə Luqansk qubernatoru Serxi Qaydai məlumat verib. O, Ukrayna ordusunun Lisiçansk şəhərindən cəmi 8 kilometr aralıda yerləşən Bilohorivka kəndinə tam nəzarəti bərpa etdiyini açıqlayıb.

 

Digər tərəfdən, Ukrayna prezidenti Zelenski irəliləyişin davam edəcəyi mesajını verib. O, Ukrayna ordusunun arxayınlaşması ilə bağlı iddiaları rədd edib:

 

"Bəziləri qələbədən sonra arxayın olduğumuzu düşünə bilər. Belə bir vəziyyət yoxdur. Növbəti hərəkətlərə hazırlaşırıq. Yeni çox vacib adlar var. Çünki bütün Ukrayna azad edilməlidir”.

 

Qeyd edək ki, sentyabrın əvvəlində başlayan hücumla Ukrayna rus ordusunu demək olar ki, bütün Xarkov vilayətindən çıxarmağa müvəffəq olub. Kiyevdən verilən məlumata görə, 300-dən çox yaşayış məntəqəsi rus işğalından azad edilib. Rus əsgərləri Donbas bölgəsindəki mövqelərinə geri çəkilsələr də, Ukraynanın geri qaytardığı yaşayış məntəqələri hələ də Rusiya artilleriyasının bombardmanına məruz qalır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR