Rusiyanın “Vaqner” qrupunun Ukraynadakı qərargahı VURULDU
Rusiyanın “Vaqner” qruplaşmasının qərargahı vurulub.
Sfera.az bildirir ki, Ukrayna ordusu ölkənin şərqində, Rusiyanın nəzarətində olan Luqanskın Popasna qəsəbəsində ixtisaslaşmış döyüş təşkilatı olan “Vaqner”in qərargahına zərbələr endirib. Bu barədə Luqansk qubernatoru Serhiy Hayday və bir neçə rusiyayönlü müharibə müxbiri məlumat veriblər.
Ukraynanın gündəlik qəzeti “Pravda” isə rusiyalı jurnalist Sergey Sredanın “Telegram”da paylaşdığı mesajda “Vaqner” bazasının yerini müəyyənləşdirdiyini yazıb. Rusiyalı müxbir bazaya səfərinin fotolarını paylaşıb və onlardan birinin üzərindəki lövhədə bunun Popasnadakı 12 nömrəli Mironovskaya olduğu bildirilib. Jurnalist postu sonradan silsə də, “skrinşot”lar sosial mediada yayılıb.
“Kotenok” adı ilə işləyən başqa bir rusiyapərəst müharibə müxbiri “Telegram” hesabında "Popasnadakı Vaqner bazalarından biri vuruldu”, deyə məlumat verib:
“Bunu Donbasdakı mənbələrimiz də təsdiqləyir. Yəqin ki, "Himars”dır. Digər tərəfdən Ukrayna mənbələri Priqojinin öldüyünü bildirir, biz bunu təsdiq etmirik”.
Xatırladaq ki, Rusiyanın muzdlu şirkəti “Vaqner” daha əvvəl hərbi cinayətlər törətməkdə ittiham olunub. Qrupa bağlı muzdlular 2014-cü ildə Krımda və Ukraynanın Donbas bölgəsində yerləşdirilib. “Vaqner” qoşunları Suriya, Liviya, Mali və Mərkəzi Afrika Respublikasına da göndərilib. Rusiya muzdlu təşkilatın mövcudluğunu heç vaxt etiraf etməyib, lakin Qərb ölkələrinin kəşfiyyat xidmətləri qrupun Rusiya prezidenti Vladimir Putinin ofisinə və Rusiya hərbçilərinə iaşə xidmətləri göstərən şirkətə sahib olduğu üçün "Putinin aşpazı" ləqəbli Yevgeni Priqojin tərəfindən maliyyələşdirildiyini bildirib.
Günay Rəsulqızı






