ABŞ-dan Çinə böyük zərbə - Tayvanın müstəqilliyi tanınır?

ABŞ-dan Çinə böyük zərbə - Tayvanın müstəqilliyi tanınır?

Çin və Tayvan arasındakı gərginlik gündəm mövzusu olaraq qalır. Bu dəfə ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Bob Menendes Çinin Tayvana mümkün müdaxiləsinin qarşısının alınması üçün təklif irəli sürüb.

“ABŞ Tayvana yaxın 4 il ərzində 4.5 milyard dollar həcmində hərbi yardım etsin. Digər tərəfdən, ABŞ Tayvanı NATO xaricində əsas müttəfiqlərindən biri elan etməlidir”, deyə o bildirib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan politoloq Elxan Şahinoğlu bildirib ki, sözügedən məsələnin reallaşması üçün ABŞ Konqresində qanun layihəsi hazırlanmalıdır:

 

“Pekin Menendesin və onun tərəfdarlarının hazırlıqlarını ABŞ-ın Çinə qarşı növbəti təxribat kimi qiymətləndirib. Hesab edilir ki, Menendesin təklifi reallaşarsa, bu, ABŞ-la Çin arasında 1979-cu il razılaşmasına zidd olacaq. Həmin razılaşmaya görə, Vaşinqton Tayvanı Çinin tərkib hissəsi kimi tanıyıb. ABŞ-nın o zamankı prezidenti Cimmi Karter bu qərarı dəstəkləmişdi. Buna baxmayaraq, Vaşinqton Tayvan adasının Çinə birləşdirilməsinin əleyhinədir. Menendesin təklifləri reallaşarsa, bu faktiki ABŞ-ın Tayvan adasının “müstəqilliyini” tanıması olacaq. Menendes ABŞ Konqresində erməni separatizminə dəstəyi ilə də tanınıb”.

 

Ekspert bildirib ki, Menendesdən fərqli olaraq Ağ Ev sahibi Cozef Bayden Tayvan mövzusunda ehtiyatlıdır:

 

“Bayden sələflərinin “vahid Çin” konsepsiyasından imtina etmək istəmir. Halbuki, həm respublikaçılar, həm də Demokratlar Partiyası ona təzyiqi artıraraq prezidenti “vahid Çin” konsepsiyasından imtina etməyə çağırırlar. Konqresmenlər Ukrayna ilə Tayvan arasında paralellər apararaq Vaşinqtonun Kiyevə verdiyi dəstək qədər Tayvana da dəstək verilməsinin tərəfdarıdırlar. Bu o deməkdir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlaması qədər Çinin də Tayvan adasını ələ keçirməyə çalışacağına inanılır. Konqresin Çinə qarşı yeni qərarı Pekinin Tayvanı ələ keçirmək planını sürətləndirə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR