Rusiyada “alim ovu” - Aleksandr Şiplyuk nədə ittiham olunur?
Rusiya daha bir casus qalmaqalı ilə sarsılıb.
Sfera.az bildirir ki, Rusiya dövlət mediasının məlumatına görə, ölkənin aparıcı hipersəs raket alimlərindən biri vətənə xəyanətdə şübhəli bilinərək həbs edilib.
Qısa müddətdə səs-küy yaradan bu hadisənin baş qəhrəmanının doktor Aleksandr Şiplyuk olduğu açıqlanıb. Kremlin idarə etdiyi media, adı açıqlanmayan bir mənbənin Rusiyanın hipersəs tədqiqatları ilə əlaqəli doktor Şiplyukun xaricə məxfi məlumatları ötürməkdə şübhəli olduğunu bildirib.
Mənbə əlavə edib ki, sözügedən alim ötən ay saxlanılan Anatoli Maslova yönələn “eyni ittihamlarla” qarşı-qarşıya gəlib. Həmin xəbərdə bu işlə Rusiyanın təhlükəsizlik xidməti FSB-nin məşğul olacağı vurğulanıb.
Məlumata görə, qeyd edilən raket Rusiya prezidenti Vladimir Putinin təriflədiyi yeni nəsil rus silah texnologiyasının bir hissəsidir.
Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı. Raketi “dayanılmaz” və “məğlubedilməz” kimi xarakterizə edən Rusiya lideri, yeni silahları ilə dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından qaça biləcəklərini təkid edir.
Günay Rəsulqızı






