İstanbulda Ukrayna taxılının daşınması ilə bağlı dördtərəfli toplantı başa çatdı - YENİLƏNİB
Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.
***
17:50
Qlobal taxıl böhranını həll etmək üçün Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndə heyətləri İstanbulda bir araya gəlib.
Sfera.az xəbər verir ki, görüşdə Qara dənizdən Ukrayna taxılının daşınmasının bərpası üçün həll yolları müzakirə edilir.
Milli Müdafiə naziri Hulusi Akar iclasla bağlı dünən deyib ki, Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə daşınması ilə bağlı davam etdirdikləri danışıqların müsbət istiqamətdə inkişaf edir.
Ukraynanın xarici işlər naziri Dimitro Kuleba görüşdən əvvəl bildirib ki, təhlükəsizlik zəmanəti verilmədikcə taxıl daşınması başlaya bilməz.
Dünyanın aparıcı taxıl istehsalçılarından olan Ukraynanın taxıl ixrac edə bilməməsi ərzaq qiymətlərinin artmasına və dünyada ərzaq böhranının başlayacağından narahatlığa səbəb olub. Hesablamalara görə, Odessa limanından 20 milyon ton taxıl çıxarmaq mümkün deyil. Rusiya isə ərzaq böhranına görə Qərb ölkələrinin başlatdığı sanksiyaları günahlandırır.






