Ukrayna əks-hücuma hazırlaşır: “Müharibə o zaman yekunlaşacaq...”

Ukrayna əks-hücuma hazırlaşır: “Müharibə o zaman yekunlaşacaq...”

“Hazırda Ukraynanın hədəfində Xerson vilayətinin azad edilməsinin əsas prioritet kimi dayanması görünür".

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. O qeyd edib ki, sözügedən ölkə qoşunlarının Xerson istiqamətində irəliləyiş əldə etməsi bunun əlaməti kimi şərh edilə bilər:

“Amma Kiyev aktivini zənginləşdirəcək irəliləyişə nail olmayıb. Rusiyanın yenidən Kiyevə hücum edəcəyi planının Kremlin masasından arxivə tullandığını da demək sadəlövhlük olardı. Ona görə ki, Rusiyanın Ukraynanın şərqində və cənub-şərqində öz təsirlərini saxlamaq üçün paytaxt Kiyevdə Moskvanı dəstəkləyəcək hökumət olmalıdır. Paytaxt üzərində nəzarət olmadan Rusiya məqsədlərindəki strateji dəyişikliyi etibarlı şəkildə həyata keçirə bilməkdə çətinliklə üzləşəcək. Onu da vurğulamaq lazımdır ki, Rusiyanın Kiyevə hücumu üçün qoşunlarını komplektləşdirməsi çətin məsələdir, qüvvələrini koordinasiya etməsi mürəkkəbdir. Kiyevə hücum hələlik ehtiyat plan kimi qala və ya əməliyyatın motivi genişmiqyaslı hücumlara yox, məsafədən raket zərbələri endirməyə söykənə bilər”.

Ekspert əlavə edib ki, Ukrayna Qərbin inteqrasiya edilmiş bir hissəsi olmaq sevdasından əl çəkmədiyinə görə, prinsipiallığını qoruyub saxlayacaq:

“Ukrayna Qərbə doğru addımlarını sürətləndirəcək və NATO bu siyasəti bütün cəhətlər üzrə dəstəkləyərək Rusiyanın təsirinə qarşı durmağa çalışacaq. Ancaq əsas sual budur ki, həmin strateji qətiyyətin bir limiti varmı? Sözsüz ki, bunun bir həddi olacaq, Zelenski ara-sıra bunu duyduğundan Qərbin ünvanına da ittihamlar səsləndirirdi. Lakin bəllidir ki, Ukraynadakı müharibə Rusiya-NATO hibrid savaşının böyük və həlledici parçasıdır, ona görə də, ən sonda Moskva ilə Qərb bir anlaşma formulu üzərində işləyəcək. Bu formul pərdəarxasında razılaşdırıla və döyüş meydanında davam etdirilə bilər, amma Kiyev Moskva ilə ərazi itkilərini özündə ehtiva edən kompromisli sülh nizamlanmasına razı olmayacaq. Böyük planda isə Kiyevin nə istədiyi onu müharibə poliqonuna çevirən strategiya müəllifləri və Rusiya üçün o qədər də böyük əhəmiyyət daşımayacaq. Rusiya bu müddət ərzində limanlarda qalan taxılla və özünün taxıl ixracını məhdudlaşdırmaqla dünyanı sınağa çəkməkdə davam edəcək. Müharibə o zaman yekunlaşacaq ki, Rusiya ilə Ukrayna biri digərinin vizyonunu qəbul etsin”.

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR