Çinin borcunu qaytara bilməyən Qırğızıstan prezidentindən şok açıqlama: “Müstəqilliyi itirəcəyik...”

Çinin borcunu qaytara bilməyən Qırğızıstan prezidentindən şok açıqlama: “Müstəqilliyi itirəcəyik...”

“Prezident Sadır Japarov həyəcan təbili çalaraq bəyan edib ki, ölkəsinin artan xarici borcu Qırğızıstanın müstəqilliyinə əsas təhlükə mənbəyinə çevrilib”.

O, Qırğızıstanın xarici borcunu ödəyə bilmədiyinə görə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığını bildirib: “Yaxın 10 ildə borclarımızı qaytarmalıyıq. Bu borclar müstəqliyimizi əldə etdiyimiz 30 il ərzində yığılıb”

 

Sadır Japarov borcun ödəmə müddətinin onun prezidentlik dövrünə təsadüf etdiyini vurğulayıb: “Bu il 289 milyon dollar, gələn il isə 314 milyon dollar borc qaytarmalıyıq”.

 

Sfera.az xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, məhdud resursları olan Qırğızıstan üçün bu böyük məbləğdir:

 

“Qırğızıstanın əsas borcu Çinədir. Bişkekin Pekinə təxminən 2 milyard dollara yaxın borcu var. Qırğızıstan borcu qaytarmaq iqtidarında deyil, əksinə borc almaqda davam etmək məcburiyyətindədir. Pekin hələ Qırğızıstana borc verməkdə davam edir. Ancaq bu durum Qırğızıstanı defolta sürükləyir. Bu halda Pekin Bişkekə ağır şərtlər irəli sürəcək. Qırğızıstan prezidenti “müstəqilliyimizi itirə bilərik” dedikdə məhz Pekinin ağır şərtlərini nəzərdə tutub”.

 

Politoloqun sözlərinə görə, Tacikistan da Qırğızıstanla oxşar vəziyyətdədir:

 

“Tacikistanın Çinə artan borcu o həddə çatıb ki, Düşənbə bir neçə iri yatağının istismarını borc əvəzində Pekinə məxsus şirkətlərə verib. Kasıb Tacikistanın Çinə 1.2 milyard dollar borcu var. Pekin Qərb ölkələrindən fərqli olaraq investisiya əvəzinə ağır şərtlər irəli sürmür. Tacikistanın qızıl mədənlərinin 80 faizi Çinə məxsusdur. Son 14 ildə Düşənbənin Pekinə borcu 6 dəfə artıb. Mərkəzi Asiyanın digər ölkəsi olan Özbəkistanın Çinə olan borcu ümumi gəlirinin 16 faiz həcmindədir".

 

Dünya Bankının araşdırmasında isə vurğulanır ki, Çin inkişaf etməkdə olan ölkələrə kütləvi borc vermək siyasətindən imtina etməyib. Nəticədə həmin ölkələrin hökumətləri borcu qaytara bilmirlər. Bunun ardınca həmin ölkələrin Çindən həm iqtisadi, həm də siyasi asılılığı artır. Əsas təhlükə də bundadır.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR