İlan adasının azad edilməsi müharibənin dönüş nöqtəsi olacaq – “Ukraynanın qələbəsi yaxındadır...”
“Rusiya qoşunları İlan adasından çıxıb”.
Məlumatı təsdiqləyən Rusiya Müdafiə Nazirliyi bunu xoşməramlı addım kimi təqdim edib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə hadisəyə münasibət bildirərək deyib ki, bu, təzyiqlərin nəticəsidir.
Maraqlıdır, rus qoşunlarının İlan adasından çıxması Ukrayna üçün dönüş nöqtəsi ola bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, İlan adası Ukraynadakı əsas strateji ərazilərdən biridir:
“Nəzərə almaq lazımdır ki, Ukrayna Silahlı Qüvvələri artıq iki kəndi də azad edib. Deməli, yaxın gələcəkdə yeni qələbə xəbərlərinin olacağı mümkündür. NATO- nun Madriddə keçirilən üç günlük sammitinin bitdiyi gün Ukraynadan qələbə xəbərlərinin gəlməsi də maraqlı təsadüfdür. Hər halda Alyansın dövlət və hökumət başçıları Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya təzyiqin daha da artırılması barədə razılığa gəliblər”.
Müsahibimiz bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə qərar qəbul edilməsi Kremli aqressivləşdirə və daha çox səhvlər etməyə sövq edə bilər:
“Rəsmi Kiyev bundan istifadə edib əks- hücum əməliyyatlarına başlaya bilər. Əlbəttə, bu əməliyyatlar Qərbin dəstəyi olmadan mümkün deyil. Əslində NATO- nun sammitindən sonra Ukrayna ilə bağlı ciddi hadisələrin baş verəcəyi gözlənilən idi. Bəlkə də proses artıq başlayıb və yaxın gələcəkdə daha fərqli tendensiyaların şahidi ola bilərik”.
Günay Rəsulqızı