Kambocadan Ərdoğana FETÖ cavabı
Türkiyə Cümhuriyyəti Kamboca hökumətindən ölkədəki FETÖ (Fətullahçı Terror Təşkilatı) məktəblərinin bağlanmasını istəyib.
Publika.az xəbər verir ki, Türkiyənin bu ölkədəki səfiri İlham Kamal Tuğ üç məktəbin bağlanması üçün Kambocanın xarici işlər naziri Prak Sokhon ilə görüşüb. Bu ölkənin xarici işlər nazirliyi sözçüsü Çum Sounri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyada Gülənlə bağlı məktəblərin bağlanması üçün təşəbbüs göstərdiyindən xəbərdar olduqlarını bildirib.
Görüşdə Kamboca xarici işlər nazirliyi tərəfindən bu məktəblərin Gülənin ilham verməsi ilə açıldığını, ancaq onunla heç bir əlaqəsinin olmadığını bildiriblər: "Bu məktəblərdə işləyənlərin və şagirdlərin böyük əksəriyyəti Fətullah Gülənin kim olduğunu belə bilmir”.
Kambocadakı məktəblər haqqında mətbuatda verilən məlumatlar arasında ən çox diqqət çəkən 2011-ci ildə Zaman Universiteti adlı təhsil mərkəzinin həmin vaxt baş nazirin müavini olan Bülənt Arınç tərəfindən açılışının edilməsidir. Bu, Kambocada ilk açılan məktəb idi, 800-dən çox şagird orada təhsil alır.
Digər məqam isə bu ölkədəki bütün məktəblərin keçmiş Zaman qəzetinin yazarı Atilla Yusif Güləkər tərəfindən qurulmasıdır.