Rusiya insanları "könüllü" olmağa necə məcbur edir? - Qarşılarına 3 seçim qoyulur...
Rusiya hər həftə “könüllü” adlandırdığı yüzlərlə silahlı şəxsi Ukraynaya göndərir.
Sfera.az bildirir ki, bu barədə “BBC”də məlumat dərc olunub.
Dmitri adlı şəxs qəzetə açıqlamasında deyib ki, o, aprel ayında işə qəbul mərkəzinə çağırılıb və ona könüllü olaraq Ukraynaya getmək təklif edilib. Təklif olunan şərtlər isə sadə olub: 130 min rubl (2 333 dollar) maaş, yemək, uniforma...
Təhlükəsizlik məqsədilə “BBC” tərəfindən adını Dmitri olaraq dəyişdirən əsgər bildirib ki, 2000-ci illərin əvvəllərində Çeçenistandakı döyüşlərdən qayıtdıqdan sonra ən azı üç-dörd dəfə könüllü xidmətə dəvət olunub və hər dəfə də “rədd” cavabı verib. Lakin o, yarımştat işini itirdikdən sonra Ukraynaya getməyə məcbur olduğunu bildirib.
Qeyd olunub ki, Ukraynanın işğalında iştirak etmək istəyən rusiyalı könüllülərin qarşısında üç seçim var: Rusiya Müdafiə Nazirliyi ilə imzalanmış qısamüddətli müqavilə; Çeçenistana gedib oradakı rus mühafizəçiləri ilə üç aylıq müqavilə imzalamaq; Vladimir Putinin Ukraynaya işğalından iki gün əvvəl müstəqilliyini kağız üzərində tanıdığı Donetsk və Luqansk xalq respublikaları ilə müqavilə bağlamaq.
BBC qeyd edib ki, Donest və Luqansk administrasiyaları ilə müqavilə imzalamağa nadir hallarda üstünlük verilir, çünki könüllülərin maaşı Rusiyadakından daha aşağıdır.
Rusiya tanklarının Ukraynaya hücumundan cəmi bir həftə sonra ölkənin Müdafiə Nazirliyi məşhur iş axtarışı saytı “HeadHunter” kimi yerlərdə minlərlə elan yerləşdirib. Şəhərlərin girişlərində və ictimai nəqliyyatda da Rusiya ordusu ilə qısamüddətli müqavilələr bağlamaq təklifi ilə bağlı elanlar verilib. Dmitri fikirlərini bu cür ifadə edib:
"Sağlamlıq yoxlanışından keçirmək istəmədilər, razılaşdım. Bir neçə gündən sonra hamını yığdılar və bizi gecə bölməyə apardılar. Səhər mənə içində forma, dəsmal, sabun və sovet alt paltarı olan idman çantası verdilər. Mənim möhürüm isə 1960-cı ilin idi".
Könüllülərə verilən silahların yaxşı vəziyyətdə olduğunu deyən Dmitri təlim meydançasında tam qarışıqlıq olduğunu və taktiki təlim keçirilmədiyini, əsgərlərin bir yerə toplanmadığını görüb şoka düşdüyünü əlavə edib: “Könüllülərdən bəziləri avtomatı saxlaya bilmirdi - canlı tank görməyiblər və bir neçə müddət ərzində döyüşə göndəriliblər”.
Rusiyanın bir çox bölgələrində könüllü hərbi xidmət pul qazanmağın demək olar ki, yeganə yoludur. Tatarıstanın Nijnekamsk (Tübenkama) kimi şəhərlərində Ukraynada müharibəyə getməyə razı olanlara ayda 200 min rubl (təxminən 3 min 600 dollar) vəd edilir.
“BBC” bildirib ki, sözügedən pul paytaxt Moskvanın şərqində yerləşən Nijnekamsk şəhərində orta əmək haqqının beş misli qədərdir. Hətta Ukraynaya düşmən olmayanlar da yüksək maaşa görə könüllü döyüşmək üçün hərbi xidmətin qarşısında növbə çəkirlər.
Dmitrinin sözlərinə görə, Ukraynanın şərq sərhədi yaxınlığındakı Rostovda toplaşan könüllülərin əksəriyyəti 45 yaşdan yuxarı olub, üstəlik, bəzilərinin səhhətində problemlər var idi: "Təqaüdçüləri təbii ki, başa düşürəm, onlar vətənpərvərlik üçün orda olublar. Amma onların çoxunun qarnı var, yarısı eynək taxıb. Toplanma mərkəzinə gələn hər kəsə baxdım və başa düşdüm ki, bizə verilən bilet təktərəflidir, geridönüş yoxdur”.
“BBC”nin məlumatına görə, indiyədək açıq mənbələr Ukraynada 155 rusiyalı könüllünün öldürüldüyünü müəyyən edib. Rəsmi sənədlərə görə, son həftələrdə könüllülərin sayı artıb, hər həftə Ukraynada 40 rusiyalı könüllü məhv edilir. Ölən könüllülərin 57 faizi 40 yaşdan yuxarıdır.
Günay Rəsulqızı
Sfera.az






