Üç il əvvəl kosmosdan gələn sirli siqnalın mənbəyi tapıldı

Üç il əvvəl kosmosdan gələn sirli siqnalın mənbəyi tapıldı

Astronomlar son illərin ən diqqət çəkən kosmik hadisələrindən biri olan - təkrarlanan radiosiqnalın mənbəyini müəyyən ediblər.

 

Sfera.az bildirir ki, ilk dəfə 2019-cu ildə aşkar edilən FRB 190520 adlı radio siqnalının 3 milyard işıq ili uzaqlıqdakı cırtdan qalaktikadan gəldiyi anlaşılıb.

 

"Sürətli radio partlayışları" (FRB) adlanan bu siqnallar kosmosda millisaniyələrlə müşahidə olunan radio dalğalarıdır. Aşkar edilmiş yüzlərlə FRB-nin yalnız təxminən 5 faizinin təkrarlandığı məlumdur. FRB 190520 kəşf edildiyi gündən aktiv olaraq qalan yeganə siqnaldır.


Astronomlar bu cür siqnalları əvvəllər gəldiyi yerlərə qədər izləyə biliblər. Ancaq onları nəyin yaratdığı sirr olaraq qalır. Beləliklə, bu parlaq radio emissiyaları haqqında daha çox öyrənmək elm adamlarına onları nəyin yaratdığını anlamağa kömək edə bilər.

 

FRB 190520-nin haradan gəldiyini öyrənməyə çalışan tədqiqatçılar Havayda Subaru Teleskopu və Çox Böyük Teleskopdan istifadə ediblər.

 

Subarunun görünən işıqda müşahidələri göstərib ki, təkrarlanan siqnal uzaq cırtdan qalaktikanın kənarından gəlib. Çox Böyük Teleskopla aparılan müşahidələr sirli kosmik obyektin yaratdığı siqnalın tədricən daha zəif radio dalğalarına çevrildiyini ortaya qoyub.

 

Beləliklə, alimlər ilk dəfə olaraq bu sirli obyektlərin məsafəsi və ətrafı haqqında məlumat əldə edə biliblər.


Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR