Əcnəbilərin Azərbaycandakı gəlirləri kəskin artıb – SƏBƏB
Bu ilin birinci rübündə əcnəbilərin Azərbaycandan əldə etdiyi gəlirlərdə ciddi artım qeydə alınıb.
Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, tədiyə balansının ilkin gəlirlər balansında 962 milyard dollar kəsir yaranıb. Ötən il kəsirin məbləği cəmi 200 milyon dollar idi.
Bu il kəsirin təxminən 5 dəfə böyüməsinə səbəb ilkin gəlirlərin neft-qaz sektoru üzrə 1,1 milyard dollar (ötən il 377 milyon dollar) kəsirin yaranmasıdır. Qeyri-neft sektoru üzrə isə əksinə 164 milyon dollar profisit olub.
Neft-qaz sektoru üzrə kəsirin böyüməsi neftin bahalaşmasına görə ödənişlərin kəskin artmasıdır. Ümumilikdə, birinci rübdə əcnəbilərə 1,4 milyard dollar (ötən ilin müvafiq dövründə 683 milyon dollar) ödəniş həyata keçirilib. Bu məbləğin isə əsas hissəsini xarici investorların payına düşən gəlirlərin repatriasiyası (gəlirin sahibinin vətəninə qaytarılmasıdır – red.), o cümlədən 1,1 milyard dolları beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya təşkil edib.
Gəlirlərin repatriasiyasından başqa qiymətli kağızlar portfeli üzrə əcnəbilərə ödənilən faizlər (166,9 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (52,5 milyon dollar) və digər ödənişlər (78,3 milyon dollar) olub. Xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər istisna olmaqla digər 2 xərc üzrə azalma qeydə alınıb.
Vasif
Sfera.az