Ukrayna: “Rusiya bizdən oğurladığı taxılı bu ölkəyə göndərib…”
Ukraynanın Beyrutdakı səfirliyi Rusiyanın işğaldan sonra oğurladığı 100 min ton buğdanı müttəfiqi Suriyaya göndərdiyini iddia edib və bunun cinayət olduğunu bildirib.
Sfera.az bildirir ki, səfirlikdən "Reuters"ə verilən açıqlamada may ayının sonunda Suriyanın əsas dəniz limanı Latakiyada lövbər salan Rusiya bayraqlı Matros Pozınıç adlı gəminin daşıdığı yükün də buğda olduğu deyilib.
Mayın 29-da “Planet Labs PBC”nin peyk görüntüləri eyni gəminin Latakiyaya yanaşdığını göstərir.
Ukraynanın Beyrutdakı səfirliyi Ukrayna hüquq-mühafizə orqanlarına istinadən, Matros Pozınıç taxılının Rusiya qüvvələri tərəfindən yeni işğal edilmiş ərazilərdəki Ukrayna anbarlarından oğurlandığını iddia edib.
Səfirliyin bəyanatında, “Ukraynanın üç rayonundan, buğdanı bir partiyada birləşdirən müəssisədən buğda oğurlanıb. Suriya rəsmiləri ilə əlaqə saxlamağa cəhd edilsə də, heç bir cavab verilməyib. Bunlar cinayət əməlləridir”,- deyə bildirilib.
Rusiya Müdafiə Nazirliyi, Suriya İnformasiya Nazirliyi, Suriya Kənd Təsərrüfatı Nazirliyi və Latakiya Limanı rəsmiləri bu məsələyə cavab verməyib. Qeyd edək ki, Rusiya daha əvvəl Ukraynanın buğda oğurluğu iddialarını rədd etmişdi.
Səfirlik bildirib ki, son üç ayda 100 min tondan çox “talan edilmiş” Ukrayna buğdası Suriyaya çatıb. Qlobal buğda qiymətlərinin bir ton üçün 400 dolları keçdiyi bir şəraitdə bunun 40 milyon dollar itirmək mənasına gəldiyi təxmin edilir.
Xatırladaq ki, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Rusiya həm kommersiya idxalı, həm də humanitar yardım kimi Suriya üçün buğda idxalının mühüm mənbəyi olub.
Moskva, həmçinin müharibə zamanı Prezident Bəşər Əsədə həyati əhəmiyyətli hərbi dəstək verib və 2015-ci ildə öz hava qüvvələrini Suriyaya göndərib.
“İnterfaks”ın məlumatına görə, Rusiya ikitərəfli razılaşmaya əsasən, 2021-ci ildə Suriyaya bir milyon ton buğda tədarük edəcəyinə söz verib. Suriyanın idxalına Krımdan yüklər də daxildir.
Əzizə Zeynal
Sfera.az