Rusiyanın "ən nifrət edilən qadını" İLK DƏFƏ DANIŞDI – Son zərbəni həyat yoldaşı vurub

Rusiyanın

Bir müddət əvvəl Rusiyanın ən çox baxılan xəbər proqramında müharibə əleyhinə pankartla çıxıb etiraz edən aparıcı Marina Ovsyannikova ilk dəfə danışıb.
 

Sfera.az bildirir ki, Ovsyannikova həmin gün gərgin hiss etməyə, nəticələri düşünmək üçün çox vaxtı olmadığını deyib: 


“Düşünməyə çox vaxtım yox idi. Sadəcə etdikdən sonra çox qorxdum. Əllərim o qədər titrəməyə başladı ki, bir stəkan su belə içə bilmədim. Həmin gün emosional partlayış yaşadım”. 


Marina Ovsyannikova ilk vaxtlar həbs cəzası ilə üzləşməkdən çox qorxduğunu söyləsə də, məhkəmədə 30 min rubl cərimələnib. Etirazdan sonra dünyanın gündəminə çevrilən aparıcı ötən həftə “Vaclav Havel İnsan Haqları Mükafatı” almaq üçün Norveçə gedib. O, mükafatdan əldə etdiyi 60 min avronu ukraynalı qaçqınlara dəstək verən fonda bağışlayacağını və müxalifətin Rusiyanı tərk etməsinə kömək edəcəyini açıqlayıb.


Canlı yayımda etdiyi etirazdan sonra çoxlu reaksiyalar aldığını deyən Ovsyannikova Rusiyadakı müxalifətçilərin də Putin tərəfdarları qədər onu tənqid etdiyini bildirib. Ölkədə bir çox dissidentlər Ovsyannikovanın jurnalist kimi reputasiyasını şübhə altına alıb və onun illər boyu “Putinyönlü” kanalda işləməsini vurğulayıblar. Ukraynada çoxları onu “Kreml qulduru” kimi təsvir edir. Ovsyannikova isə çətin vəziyyətdə olduğunu və özünü əcnəbi kimi hiss etdiyini deyib.


Putinin ondan qisas almaq üçün ailəsindən istifadə edəcəyindən narahat olan Ovsyannikova dövlətə məxsus RT (Russia Today) yayım qrupunda çalışan ərinin iki uşağının qəyyumluğunu almaq üçün ona qarşı iddia qaldırdığını da söyləyib: 


“Oğlum mənə ailə həyatımızı məhv etdiyimi dedi. Etirazımın fəsadları hər gün daha da böyüyür”.  


Son bir neçə ayda Avropada ictimai tədbirlərdə çıxış edən və bəzi siyasətçilərlə görüşən Marina Ovsyannikova xaricdə yaşamağı planlaşdırmadığını və tezliklə Rusiyaya qayıdacağını bildirib. Etdiyi əməldən peşman olmadığını bildirən Ovsyannikova Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin müşavirlərindən biri olan Boris Bondarevdən ilham aldığını bildirib. “Hamımız eyni məqsədi paylaşırıq -  müharibəni dayandırmaq, hərbi cinayətkarları məhkəməyə vermək və Ukraynanı yenidən qurmaq”, - deyən aparıcı insanları qorxmamağa çağırıb.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR