SEPAH İranda dövlət çevrilişi edəcək? – ŞOK İDDİA 

SEPAH İranda dövlət çevrilişi edəcək? – ŞOK İDDİA 

İranda mövcud sosial-iqtisadi problemlərin artması, milli valyutanın sürətlə dəyər itirməsi və sərt sanksiyaların təsirilə iqtisadiyyatın gündən-günə geriləməsi sosial narazılıqları pik həddə çatdırıb. Ölkədə başlayan quraqlıq, su çatışmazlığı da sosial-iqtisadi problemləri körükləyir və etirazları alovlandırır.

 

Maraqlıdır, İrandakı etirazlar hansı nəticələrə səbəb ola bilər?

 

Mövzu ilə bağlı Gundem.az-a danışan siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib ki, İran hökuməti problemlərin yaranma səbəbini aradan qaldırmaqda acizdir:

 

“Ali rəhbərlik bütün günahları keçmiş hökumətlərin üzərinə ataraq məsuliyyətdən yayınmağa çalışır. İran siyasi elitası ciddi fikir ayrılıq yaşayır. Belə ki, ali rəhbər Seyid Əli Xameneinin birbaşa nəzarətində olan SEPAH komandanlığının hərbi çevriliş edəcəyi haqda informasiyalar dolaşır. Söhbət Xameneinin devrilməsindən getmir, amma onun səlahiyyətlərinin mənimsənilməsi planları masada ola bilər. Qısası, “radikallar mühafizəkarlara qarşı” prinsipilə çəkişmələr başlayır. SEPAH öz tezisləri ilə həm yaxasını kənara çəkir, həm də çevriliş üçün əsaslar hazırlayır”.

 

Ekspertin sözlərinə görə, İranda iqtisadi böhranın səbəblərindən biri də SEPAH-ın böyük biznes imperiyası yaratmasıdır:

 

“Buna görə də, cərəyan edən proseslərdə SEPAH özünü təmizə çıxarmaq üçün günahı başqa yerlərdə axtarır. Özü də bu təqsirlərin bir ucunu ali rəhbər Xameneinin nüfuzuna toxundurur. SEPAH komandanının müavini Yadollah Cavaninin “bəzi insanlar iqtisadi problemlərə görə ali rəhbər Əli Xameneini günahlandırır. Çünki o, ABŞ-la danışıqlara icazə vermir” deməsi çevriliş mətləbindən xəbər verir. Bu, ölkədə ən böyük iqtisadi problemlərə səbəb olan diplomatik dalanın Xameneinin məsuliyyəti ilə bağlı SEPAH daxilində müzakirələrin getdiyinin etirafıdır”.

 

A. Kərimovun sözlərinə görə  SEPAH hökumətin daxilindəki kürsülərin dayaqlarını laxlatmaq üçün yeni bir fikir də ortaya atıb:

 

“SEPAH açıqlayıb ki, İranın yüksək vəzifəli məmurlarının 4000-ə yaxın qohumu Qərb ölkələrində yaşayır. Hər necə olursa olsun, SEPAH aksiyalar üçün iqtisadi səbəblərdən çox xarici müdaxilə amilləri axtarışını davam etdirəcək. SEPAH-ın çevriliş oxunun prezidentlik təsisatına doğru uçması daha məntiqli səslənir, çünki SEPAH üçün prezidentlik institutu həmişə hədəf olaraq qalır”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR