Zelenski müharibə başlayandan bəri ilk dəfə Kiyevi tərk etdi – Onu işdən çıxardı / FOTOLAR

Zelenski müharibə başlayandan bəri ilk dəfə Kiyevi tərk etdi – Onu işdən çıxardı / FOTOLAR

Ukrayna prezidenti Vladimir Zelenski işğal başlayandan bəri ilk dəfə Kiyevdən kənara çıxıb.

Sfera.az bildirir ki, Rusiya qüvvələrinin bir müddət əvvəl geri çəkildiyi ölkənin ikinci böyük şəhəri Xarkova gedən Vladimir bölgədə araşdırmalar aparıb. Prezidentin ofisi tərəfindən paylaşılan fotolarda Ukrayna liderinin ağır zədələnmiş binaların qarşısında gülləkeçirməz jilet geyindiyi görünüb. Səfərlə bağlı açıqlamada Xarkov və ətrafında 2 229 binanın dağıdıldığı, şəhərin yenidən qurulacağı vurğulanıb.

Səfərdən sonra Zelenski bəyan edib ki, Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rəisini şəhərin müdafiəsi yox, öz maraqları üçün işlədiyinə görə vəzifəsindən azad edib. Xarkovda əsgərlərlə görüşən və bəzilərini medallarla təltif edən Ukrayna lideri, "Hər birinizə xidmətinizə görə ayrı-ayrılıqda təşəkkür etmək istəyirəm. Hamınız dövlətimiz üçün canınızı riskə atırsınız", - deyə söyləyib. 

Xarkovda Rusiyanın hücumu nəticəsində dağıdılan inzibati və yaşayış binalarına baş çəkən Zelenski hərbi və mülki rəsmilərlə görüş keçirib. O, bomba sığınacaqları ilə təchiz olunmuş müasir yaşayış məntəqələri tikməklə şəhərin yenidən qurulması planlarını müzakirə edib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sınaqubov bildirib ki, hazırda bölgədəki torpaqların 31 faizi Rusiyanın işğalı altındadır: “Biz hələ ki, işğaldan azad edilmiş bəzi yaşayış məntəqələrinə tam nəzarət edə, minalardan tam təmizləməni həyata keçirə və atışma davam edərkən mühüm infrastrukturun bərpasına başlaya bilmirik”.

Sınaqubov, həmçinin Xarkovda 225-i tamamilə dağılmış 2 229 hündürmərtəbəli binanın, o cümlədən Xarkov şəhərinin şimal və şərq rayonlarında ümumi yaşayış fondunun 30,2 faizinin zədələndiyini və ya dağıldığını diqqətə çatdırıb.

 

Günay Rəsulqızı

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR