Texasda məktəbə hücum nəticəsində ölənlərin sayı 21-ə çatdı
ABŞ-ın Texas ştatında Salvador Ramos adlı şübhəlinin ibtidai məktəbə hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Sfera.az bildirir ki, 19 uşaq və 2 müəllimin həyatını itirdiyi hücumun Texas tarixinin ən ölümcül məktəb hücumu olduğu ifadə edilib.
Uvalde qəsəbəsindəki Robb İbtidai məktəbinə silahlı hücum təşkil edən Salvador Ramosun polislə qarşıdurmada zərərsizləşdirildiyi ifadə edilib.
Yalnız 2-ci, 3-cü və 4-cü sinif şagirdlərinin yerləşdiyi Robb İbtidai məktəbində öldürülən 19 şagirdin kimliyi ilə bağlı məlumat hələlik paylaşılmayıb. Federal və milli təhlükəsizlik rəsmilərinin hadisə yerindən hücumla bağlı araşdırmalarını davam etdirdiyi qeyd edilib. ABŞ Prezidenti Co Bayden dünən axşam Ağ Evdən hücumla bağlı xalqa müraciət edib. Bayden hücumda silah lobbisini günahlandırıb:
"18 yaşlı bir oğlanın silah mağazasına girib iki hücum silahı alması tamamilə yanlışdır. Ölkə olaraq soruşmalıyıq: Allah xatirinə, biz nə vaxt silah lobbisinə qarşı duracağıq? Günahsız uşaqlar və dostlarının döyüş meydanındaymış kimi ölməsinə baxan uşaqlar…",- deyə Bayden bildirib.
ABŞ-da məktəbə sonuncu qanlı hücum 2018-ci ildə Floridada baş verib. Liseyə hücumda 14 şagird və 3 işçi həyatını itirib.
Qeyd edək ki, 18 yaşlı cinayətkar məktəbə hücumdan əvvəl nənəsini də öldürüb.
İnci
Sfera.az






