Corc Buşa sui-qəsd cəhdi edildi
ABŞ-ın keçmiş prezidenti Corc Buşa qarşı sui-qəsdinin qarşısı alınıb.
Sfera.az bildirir ki, bu barədə Amerika rəsmiləri məlumat yayıb.
Belə ki, İŞİD təşkilatının sabiq prezidenti öldürməyi planlaşdırdığı, lakin Federal Təhqiqat Bürosunun (FTB) bunu aşkar etdiyi bildirilib.
Ohayo ştatında olan şübhəlinin əməliyyat üçün iraqlıları Meksikadan ABŞ-a keçirməyə cəhd etdiyi iddia edilib. Hazırda həbsdə olan şübhəli çərşənbə axşamı Ohayo ştatının federal məhkəməsinə çıxarılıb. FTB sui-qəsdin qarşısını almaq üçün gizli müxbirlərindən istifadə edib, şübhəli şəxslə söhbətlər qeydə alınıb.
Məhkəmə sənədlərinə görə, Əhməd Şihab adlı, 52 yaşlı İraq vətəndaşı olan şübhəli 2020-ci ildən ABŞ-dadır və sığınacaq ərizəsinin yekununu gözləyir. FTB Şihabın Qətərdə yerləşən “Əl-Raed” kimi tanınan qrupa bağlı olduğunu iddia edib. Qeyd olunub ki, sözügedən şəxs Buşu "çoxlu iraqlını öldürdüyü" və "İraqı parçaladığı" səbəbilə qətə yetirmək istəyib. Şihab FTB müxbirləri ilə söhbəti zamanı, əməliyyatda iştirak etmək ümidində olduğunu, ölümü vecinə almadığını və bununla fəxr edəcəyini deyib. Qurumun mənbələrinə insan alverindən istifadə edərək İŞİD üzvlərini ABŞ-a gətirməyə çalışdığını bildirən Şihab terror təşkilatına üzv olmaqda ittiham olunmayıb.
Şübhəlinin, həmçinin 2022-ci ilin martında Ohayo ştatının Kolumbus şəhərindəki bir otel otağında silah və saxta formalara baxmaq üçün görüşə qatıldığı bildirilir. Məlumata görə Şihabı, qeyri-qanuni olaraq kimisə ABŞ-a gətirməyə cəhd etdiyinə görə 10 il, keçmiş ABŞ məmurunun öldürülməsinə köməklik göstərdiyinə görə isə 20 il həbs cəzası gözləyir.
Günay Rəsulqızı
Sfera.az