Rusiya-Ukrayna müharibəsi: Avropa “qiyamət gününə” hazırlaşır – TƏHLİL
"Kreml işğal planını işə saldı. Artıq Ukraynanın paytaxtı Kiyev başda olmaqla, bir neçə şəhərindən həyəcanlı xəbərlər gəlir”.
Sfera.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib. Onun sözlərinə görə, vəziyyətin dramatikləşməsi Avropa üçün təhdidləri praktiki müstəviyə çəkir, Ukraynanın Rusiya və Belarus tərəfindən mühasirəyə alınması Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Moldovaya, oradan isə sıçrayış edərək digər ölkələrə təhlükə gətirir:
"Rusiya Kalininqradda da və ilhaq etdiyi Krımda da strateji silahlar yerləşdirib, əgər NATO proseslərə hərbi tədbirlərlə qarşılıq verəcəksə, o zaman Avropanın başı üzərində qara dumanlar qatılaşacaq. Qısası, bu müharibənin təsirləri Ukraynadan da qat-qat uzaqlara yayılır və Rusiyanın da, NATO-nun da davranışlarında əlavə istiqamətlər yaradır”.
Ekspert hesab edir ki, NATO-nun 1997-ci ildən bu yana sərhədlərini genişləndirməsi və Ukraynanı da öz çətiri altında görmək istəməsi Rusiyanı hiddətləndirir:
"Rusiya burnunun dibində NATO-nu görmək istəmədiyindən bütün cəbhələrdəki təzyiqi artırır və Ukraynanı tükəndirməyə çalışır. Tükəndirici tezislərə uyğun olan hərbi əməliyyatlar Avropada təhlükəsizlik nizamının təməllərini sarsıdır. Avropa üçün "qiyamət günü” yaxınlaşır və Avropa dövlətləri də özünümüdafiə reflekslərini işə salmaq zərurətini dərk edirlər. Bu isə tərəflər üçün barıt qoxulu ssenariləri prioritetlərə daşıyır. Avropanın Rusiya ilə soyuq müharibə tərzində qarşıdurma çağırışları ilə üz-üzə qalması bəşəri faciələr üçün də pəncərə açır. Düşünmək olar ki, Moskva açıq tədbirlərlə yanaşı, gizli tədbirlərə də əl atır.Rusiyanın Ukraynanı daxildən sarsıtmağa hazırlaşan geniş məxfi agentlər şəbəkəsi qurması da şübhə doğurmur. Əgər müharibənin miqyası genişlənməsə, bunun özü də hərb variantlarını gündəmdən çıxarmayacaq.
Belə olan təqdirdə, böyük ehtimal ki:
1. Rusiya Ukrayna ətrafında qoşunlarını saxlayacaq,
2. Belarusda da qoşun toplayacaq,
3. Baltikyanı ölkələr ətrafında da yeni çətirlər quracaq”.Turan Rzayev






