Kremldən Ukrayna ilə bağlı çaşdırıcı açıqlama: "Bu, bizim seçimimiz deyil"
"Moskva Kiyevlə diplomatik əlaqələri kəsmək istəmir”.
Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib. O, münasibətləri Ukraynanın bitirə biləcəyini vurğulayıb. "Belə bir qərar verməyi düşünmürük, bu, bizim seçimimiz deyil”, - deyə qurum rəsmisi əlavə edib.
Bununla da, Kreml diplomatiya yollarının hələ də açıq olduğunu bildirib. Açıqlamada, həmçinin bu ifadələrə yer verilib:
"Rusiya hələ də diplomatiyaya açıqdır. Donetsk və Luqansk vilayətlərinin tanınması ilə bağlı qərarın gərginliyi azaldacağına inanırıq”.
Kreml sözçüsü Dmitri Peskov isə Rusiya hərbi qüvvələrinin Donbasa, o cümlədən, Donetsk və Luqansk Xalq Respublikalarına daxil olması barədə deyilənlərdən xəbərsiz olduğunu açıqlayıb. O qeyd edib ki, bu respublikalara qoşun yeritmək qərarı regionda vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.
Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarını tanıdığını elan edərək, silahlı qüvvələrə burada sülhməramlı missiyalar yerinə yetirməyi tapşırıb. Başda ABŞ və İngiltərə olmaqla, bir sıra ölkələr Rusiyanın bu qərarına reaksiya verib və Moskvaya qarşı sanksiyaların tətbiq ediləcəyi bildiriblər.
Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenski bu gün bütün dünyaya çağırış edib. O, çıxışı zamanı "Təcili köməyə ehtiyacımız var. Böyük bir faciə ilə qarşı-qarşıyayıq! NATO-ya üzv olsaq da, olmasaq da, bizə kömək etməlisiniz. Bu gün təkcə Ukrayna deyil, bütün Avropa təhlükə ilə üz-üzədir. Sabah da bizim əsgərlərimiz sizi qoruyacaq”, - deyə söyləyib.
Günay Rəsulqızı
Sfera.az






