ABŞ Rusiyanın sərhədə əlavə 7 min əsgər göndərdiyini iddia edir
Sfera.az bildirir ki, adları açıqlanmayan ABŞ rəsmiləri telekonfrans vasitəsilə mətbuata Ukrayna haqqında məlumat verib və Moskvanın "əsgərləri geri çəkmişik” iddiasını təkzib ediblər. Səlahiyyətli şəxslər, əksinə, Rusiyanın sərhədə əlavə 7 min əsgər göndərdiyini və döyüşə hazırlaşdıqlarını söyləyiblər.
Sözügedən mənbə, həmçinin Rusiya prezidenti Vladimir Putinin diplomatiyaya açıq olmadığını da bildirib:
"Onlar ictimai danışıqlara açıq olduqlarını və gərginliyi azaltmaq üçün hər şey etdiklərini irəli sürürlər, lakin eyni zamanda gizli şəkildə müharibəyə hazırlaşırlar”.
Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken də dünən verdiyi açıqlamada Rusiyanın sərhəddən qoşun çəkdiyinə dair iddiaları təsdiqləyən faktların olmadığını deyib. ABŞ prezidenti Co Bayden isə ötən gün 150 minə yaxın rus əsgərinin Rusiya-Ukrayna sərhədində cəmləşdiyini açıqlamışdı.
Günay Rəsulqızı
Sfera.az






