Ərdoğanın devirmək üçün pul oradan gəlib – 2010-cu ildə MOSSAD... - VİDEO
Türkiyədə hərbi çevrilişə cəhddən (15 iyul gecəsi) həftələr əvvəl Birləşmiş Ərəb Əmirliklərinin hökuməti "Fəthullahçı Terror Təşkilatı”na ( FETÖ) pul köçürüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə İngiltərənin "The Guardian” nəşrinin keçmiş redaktoru Devid Herst "Middle East Eye” xəbər saytında çıxış edib.
İddiaya görə, ABŞ-ın dəstəyi ilə "Həmas”a qarşı çevriliş hazırlayan, Fələstinin mərhum lideri Yasir Ərafata sui-qəsd planlaşdıran Məhəmməd Dahlan pulun köçürülməsində vasitəçi olub. Devid Herst Türkiyə kəşfiyyat xidmətlərinə yaxın mənbələrə istinad edib.
Məhəmməd Dahlanın Abu-Dabi şahzadəsi Məhəmməd Zayəd Al-Nahyanı ilə yaxın əlaqələrinin olduğu bildirilir. "Həmas” Qəzzada iqtidara gəlməzdən əvvəl "Əl-Fəth” partiyasının bu bölgədəki lideri olan Dahlan sui-qəsddə ittiham olunmasından sonra Fələstini tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.
Xəbərə görə, Dahlanın Fətullah Gülən ilə ünsiyyət qurmasına ABŞ-da yaşayan fələstinli iş adamı kömək edib. Bu iş adamının kimliyi də Türkiyə kəşfiyyatına məlumdur.
Dahlan Türkiyədə hərbi çevriliş cəhdinin uğursuz olmasından sonra Birləşmiş Ərəb Əmirliklərini tərk etmək məcburiyyətində qalıb. Onun hazırda Misirdə yaşadığı təxmin edilir. Misir və Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı İordaniya da Dahlanın Mahmud Abbasdan sonra Fələstin lideri olmasını istəyir.
Ərəb dünyasında ən çox müzakirə edilən şəxslərdən olan Məhəmməd Dahlan 2008-ci ildə İsrailin Qəzzaya hücumundan əvvəl İsrailin Ehud Olmert hökuməti ilə kəşfiyyat paylaşmaqda ittiham olunur. Ona qarşı irəli sürülən daha bir ittiham "Həmas”ın komandirlərindən Mahmud Mabhuha qarşı 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən sui-qəsdlə bağlıdır. İsrailin kəşfiyyat təşkilatı MOSSAD-ın agentləri tərəfindən reallaşdırıldığı deyilən sui-qəsdə Dahlanın kömək etdiyi bildirilir.