Ərdoğandan ABŞ-a SƏRT CAVAB: “Sən kimsən...”
"'Buna qərar vermək sənin işin deyil. Sən kimsən?”
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Cosep Votelin "müttəfiqlərimiz həbs olundu” bəyanatına cavab verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Sən mənim ölkəmdə edilən hərbi çevriliş cəhdininn qarşısını alan dövlətə təşəkkür etməkdənsə, qiyamçıların yanında yer alırsan. Qiyamçı onsuz da sənin ölkəndədir. Onu sənin ölkəndə bəsləyirlər. Mənim millətimi əsla inandıra bilməzsiniz”, - Türkiyə prezidenti bildirib.
Ərdoğanın sözlərinə görə, bu cür şərhlər hərbi çevriliş cəhdinin arxasında kimlərin olduğunu, üst ağlın kim olduğunu ortaya çıxarır.
Qeyd edək ki, Türkiyədə hərbi çevrilişi şərh edən ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Cosep Votel Türkiyə ordusundakı yaxın müttəfiqlərinin həbs olunduğunu bildirib. O, ikili münasibətlərin zərər görəcəyini bildirib və İŞİD-lə mübarizəyə uzunmüddətli təsir göstərəcəyinə dair narahatlığını dilə gətirib.
Daha əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı generalın bəyanatını "məlumatsızlıq, cahillik” adlandırıb.
"Türkiyənin İŞİD, PKK və digər təşkilatlarla mübarizəsində hərbi gücünü yalnız bunlarla məhdudlaşdırmaq başqa niyyətlərdən, yaxud da məlumatsızlıq və cahillikdən qaynaqlanır”, - Mövlud Çavuşoğlu deyib.