Husilərin "Abu-Dabi əməliyyatı" – Nə baş verib?
"Dünən İsrail prezidentinin BƏƏ-yə rəsmi səfəri zamanı Husilər BƏƏ-yə ballistik raket atıb. Abu-Dabi aeroportunu hədəf alan raket əmirliyin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Ehtimal edilir ki, səfər əsnasında bütün BƏƏ İsrail tərəfindən qorunurdu”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Zaur Məmmədov İsrail Prezidenti İshaq Hersoqun BƏƏ-yə səfəri zamanı husilərin ballistik raketlərdən hücum etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, ərəb ölkələri içərisində BƏƏ İranla ən böyük ticarət dövriyyəsinə malik olan ölkədir:
"Pandemiyaya qədər onlar arasında ticarət dövriyyəsi 16-18 milyard dollara yaxınlaşmışdı. Həqiqət budur ki, İsrailllə ərəb dünyası arasında yaxınlaşmaya start verilib və Tehran təklikdə bu münasibətlərin inkişafına zərbə vura bilməz. Amma digər həqiqət də ondan ibarətdir ki, Qərbdəki bəzi dairələr İranın nüvə silahı əldə etməsində maraqlıdırlar. Nə qədər qəribə səslənsə də, İranın nüvə silahı əldə etməsinə qarşı ilk növbədə İsrail, Rusiya, Türkiyə və təbii ki, ərəb dünyası çıxış edəcək. Lakin Fransa və Britaniyanın öz ssenariləri var. Fevral ayında isə İsrail prezidentinin Türkiyədə Ərdoğanla görüşü gözlənilir”.
Turan Rzayev





