Bahalı silah sistemləri almaq istəyən Yunanıstana göz dağı: "Bu, Türkiyə üçün çox azdır"
Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstana xəbərdarlıq edib.
Sfera.az bildirir ki, nazir jurnalistlərə açıqlaması zamanı sözügedən ölkənin silahlanması haqqında danışıb. O, Yunanıstanın Türkiyəni NATO müttəfiqi kimi görmədiyini söyləyib.
"Yunanıstanın müdafiə naziri ilə son görüşümüzdə "biz yox, turizm nazirlərimiz görüşsün” dedim. Turizmi inkişaf etdirək, gərginliyi azaldaq. Biz onlara bunu təklif edirik, amma təəssüf ki, istədiyimiz cavabları ala bilmirik. "Türkiyə xarici təhlükədir” deyirlər. Bunu təhlükə kimi təqdim edərək situasiya üstünlüyü əldə etməyə çalışırlar”, - deyə Akar qeyd edib.
Nazir, həmçinin Yunanıstanın ciddi iqtisadi problemlərinin olmasına baxmayaraq, bahalı silah sistemləri almağa can atdığını, hərbi büdcəni artırdığını da vurğulayıb:
"Yunanıstan NATO çərçivəsində müxtəlif ölkələrlə müttəfiqlik müqavilələri bağlayır və anlaşma memorandumu imzalayır. NATO varsa, bütün bunlar niyədir? Soruşuruq ki, bu silahlanma kimə qarşıdır? Normal müdafiə üçün həddən artıq çoxdur, Türkiyə üçündürsə, həddən artıq azdır. Onlar öz boylarını aşan iddialar irəli sürməyə davam edirlər. İttifaq daxilində ittifaq NATO-nu zəiflədir”.
Günay Rəsulqızı
Sfera.az






