İlk qadın mafiya lideri öldü
İtaliyada Kamorra mafiyasının ilk qadın patronu kimi tanınan Assunta Mareska 86 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, o, qaldığı evdə ölmüş vəziyyətdə tapılıb. Mareskanın dəfn mərasimi ictimaiyyətə bağlı şəkildə keçiriləcək.
Napolidə dünyaya gələn Mareska gənc yaşlarında gözəllik müsabiqəsinin qalibi olur və ona kukla mənasını verən "Pupetta” ləqəbi verilir. 20 yaşında mafiya lideri Pasquale Simonetti ilə evlənir. Evləndikdən təxminən 3 ay sonra əri silahlı insident zamanı öldürülür. Bir neçə ay sonra Mareska ərinin ölümündə nikah şahidlərindən Antonio Espositonu günahkar bilərək gündüz vaxtı onu kafedə güllələyir. Həbs edilən Mareska 10 il müddətində azadlıqdan məhrum edilir. O, ilk övladını da həbsxanada dünyaya gətirir.
Həbsdən çıxandan sonra yenidən Kamorra mafiyasından olan Umberto Ammaturo ilə birlikdə olur. Bu izdivacdan da cütlüyün iki övladı olur.
Mareskanın 1982-ci ildə mətbuat konfransında düşməninə mesajında "Ailəmə toxunsan, beşikdəki övladlarını öldürərəm” ifadəsi gündəm yaratmışdı.
Turan Rzayev






