\"Qurumları terrorçulardan təmizləməsək, bədəlini çox ağır ödəyəcəyik\"
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "France24" telekanalına müsahibəsində bildirib.
R.T.Ərdoğan hazırda bir keçid dövründə olduqlarını bildirib: "Bizdə bir söz var: "Dərəni keçərkən atı dəyişdirməzlər". İndi biz belə bir dövrdəyik. Bu gün Türkiyə kəşfiyyatının zəif olması ilə bağlı söz-söhbət gəzir. Amma xatırlayın: ABŞ-da əkiz qüllələr vurulanda kimsə kəşfiyyatın nə iş gördüyünü soruşdumu? Fransada baş verən ardıcıl terror aklarına görə kəşfiyyatın zəif olduğunu deyən oldumu? Olmadı. Bütün bunlara rəğmən, baş nazirlə müzakirələr aparacağıq, bundan sonra müvafiq addımlar atacağıq. Hazırda hamısı (Türkiyə Kəşfiyyatının rəsmiləri - red.) vəzifəsinin başındadır".
Prezident Türkiyənin 79 milyon əhalisi olduğunu qeyd edib: "79 milyonluq bir Türkiyə içərisində indi bütün bu çirkli əməlləri, bu terrorçuları qurumlarımızdan təmizləyirik. Əgər təmizləyə bilməsək, bunun bədəlini çox ağır ödəyəcəyik".
R.T.Ərdoğan Avropa ölkələrinə də çağırış edib: "Türkiyədə çevrilişə cəhd edənlərin arxasındasınız, yoxsa demokratik hüquqi dövlətin yanındasınız?"