Rusiya şəxsi minik avtomobillərindən istifadəni məhdudlaşdıracaq
Rusiyada hazırlanan və 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni nəqliyyat strategiyasına əsasən ölkədə şəxsi minik avtomobillərindən istifadə məhdudlaşdırılacaq, onların sahiblərinə ictimai nəqliyyatdan istifadə etmək təklif olunacaq.
Sfera.az "Kommersant” qəzetinə istinadən xəbər verir ki, strategiyanın müəllifləri atmosferə atılan tullantıların azaldılmasının zəruriliyinə işarə ediblər. Onlar xüsusilə qeyd edirlər ki, nəqliyyatdan atmosferə atılan çirkləndiricilərin 61 faizi avtomobillərin payına düşür. Eyni zamanda, bütün zərərli tullantıların 82 faizi yol örtüyünün və avtomobilin "komponent hissələrinin” dağılması nəticəsində yaranır. Buna görə də avtomobil parkının yenilənməsiylə də problemi həll etmək mümkün deyil.
Sənədin müəllifləri ssenarilərdən biri kimi "aşağı ekoloji sinif” avtomobillərinin istifadəsinə mərhələli şəkildə məhdudiyyətlərin qoyulmasını zəruri hesab edirlər. Bu məqsədlə ilk növbədə ekoloji cəhətdən təmiz olmayan mühərriklərlə təchiz edilən avtomobillərin idxalı məhdudlaşdırılacaq, onların daxil ola biləcəyi ərazilər müəyyənləşdiriləcək.
Ətraf mühitə atılan zərərli maddələrin miqdarının azaldılması üçün elektomobillərdən istifadə genişləndiriləcək. Hökumət Rusiyada elektromobillər üçün yanacaqdoldurma məntəqələri şəbəkəsi qurmaq niyyətindədir. İlkin hesablamalara görə, Rusiyanın Avropa hissəsi üçün təxminən 250 min stansiya lazımdır.
Vasif
Sfera.az






