ÜST ölkələri bu şəxslərə səyahət qadağası qoymağa çağırdı - "Omicron" təhlükəsinə görə
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri 60 yaşdan yuxarı və tam peyvənd olunmamış şəxslərə səyahət qadağasının qoyulmasına çağırıb.
Sfera.az bildirir ki, bununla yanaşı, qurum "Omicron” variantının aşkar edildiyi ölkələr üçün səyahət məhdudiyyətlərinin tətbiq edilməsinin həll yolu olmadığını bildirib. ÜST açıqlamasında beynəlxalq ictimaiyyətə yeni ştamla əlaqəli tövsiyələr verib.
Son hadisələrin ÜST katibliyi tərəfindən yaxından izlənildiyi vurğulanıb və variantın ilk dəfə ortaya çıxdığı Cənubi Afrika Respublikası, o cümlədən Botsvananın "Omicron” əleyhinə uğurlu mübarizə apardığı qeyd edilib.
"Səyahət məhdudiyyətləri tətbiq edən ölkələr fakta əsaslanaraq və risklər nəzərə alınaraq qərar verməlidirlər. Tam səyahət qadağaları yeni variantın beynəlxalq yayılmasına mane olmur. Bununla yanaşı, belə qərarlar insanların gündəlik həyatı və dolanışıqları üçün yük olacaq, pandemiyaya qarşı qlobal mübarizəyə də mənfi təsir göstərəcək”, - deyə ÜST xəbərdarlıq edib.
Bildirilib ki, pandemiya davam etdiyi müddətdə humanitar yardım, yük daşımaları, məhsul tədarükü kimi həyati əhəmiyyətli beynəlxalq səfərlər davam etməlidir. Həmçinin, "Omicron” variantının yayılmasının qarşısını almaq üçün bütün ölkələrə "izləmə və ardıcıllıq sistemlərinin işlənib hazırlanması”, "virusun tamamlanmış genom ardıcıllığını asanlıqla əldə edilə bilən bazalara təqdim etmək”, "yoluxmalar barədə quruma məlumat vermək” kimi tövsiyələr verilib.
Günay Rəsulqızı
Sfera.az






