İngiltərə mətbuatı Makrona ləqəb qoydu - Miqrant gərginliyi böyüyür
Fransa və İngiltərə arasında miqrant gərginliyi getdikcə böyüyür.
Sfera.az bildirir ki, bir neçə gün əvvəl Fransanın Pas-de-Kale şəhərindən İngiltərəyə gedən bir qayığın batması nəticəsində 31 miqrantın ölümü ilə nəticələnən fəlakətdən sonra iki ölkə arasında böhran yaşanıb.
Bu dəfə İngiltərə mediası Makrona yeni ləqəb verib. Belə ki, yerli mətbuat Fransa prezidentinin əsəbi davranışlar sərgilədiyini və məntiqsiz siyasi xətti izlədiyini vurğulayıb. Buna görə də, "Daily Mail” qəzeti Makronu "Tinpot Napaleon” ( tinpot - xüsusilə ölkənin və ya onun rəhbərinin zəifliyini və ya gücsüz təşkilata malik olmasını ehtiva edir) adlandırıb. Böyük Britaniya hesab edir ki, Makron "Brexit”in qisasını almaq üçün bütün cəbhələrdə Londonu qarşına alan siyasət yürüdür.
Qeyd edək ki, yaşanan hadisədən sonra, Böyük Britaniya Baş naziri Boris Conson Fransanı La-Manş boğazından keçən miqrantları geri almağa çağırmış və sosial media vasitəsilə Makrona açıq məktub yazmışdı. Fransa prezidenti isə baş nazirin məktubunu qəzəblə qarşılamış və İngiltərə liderini sosial media vasitəsilə əlaqə qurmaq yerinə, ənənəvi diplomatik yollara üstünlük verməyə dəvət etmişdi. "Bu mövzularda liderlər arasında sosial media və ictimaiyyətə açıqlanan məktublarla əlaqə qurulmamalıdır”, - deyə Makron əlavə etmişdi.
Günay Rəsulqızı
Sfera.az






